Yeni çempionlar – Rauf Məmmədov və Günay Məmmədzadə

post-img

Şahmat üzrə Azərbaycan çempionatı başa çatıb. Həm kişilərin, həm də qadınların yarışında finalda hər iki oyun heç-heçə bitdiyindən mübarizə tay-brekdə davam edib. Rəqiblərinə qalib gələn Rauf Məmmədov və Günay Məmmədzadə Azərbaycan çempionu olublar.

Kişilərin mübarizəsində qeydə alınan nəticəni sensasiya saymaq olar. Belə ki, Məmmədov favorit hesab edilən Şəhriyar Məmmədyarova qalib gəlib – 2,5:1,5.

Yarışda reytinqinə görə Məmmədyarov və Teymur Rəcəbovdan sonra üçüncü olan Məmmədovun finala kimi yolu çətin keçib. O, Vüqar Rəsulovun timsalında 1/8 final səddini rahat adlasa da, sonra ağır mübarizə ilə üzləşib. Dörddəbir finalda reytinqinə görə yarışda 11-ci olan Əhməd

Əhmədzadə ilə iki qarşılaşmanın ardından tay-brekdəki bütün partiyalar da heç-heçə yekunlaşıb. Yalnız armageddonda Məmmədov qara fiqurlarla heç-heçə etdiyi üçün yarımfinala çıxa bilib. Burada da Rəcəbovla oyunlar və tay-brekdəki görüşlər heç-heçə davam edərkən rəqibin kobud səhvi sayəsində qələbəyə sevinib.

Ən reytinqli şahmatçımız Məmmədyarov isə Məmmədovdan əvvəl bütün rəqiblərinə 2:0 hesabı ilə, yəni hər iki oyunda qalib gəlib. O, 1/8 finalda Fərid Abbasov, daha sonra Məhəmməd Muradlı, yarımfinalda da Misrətdin İskəndərovdan güclü olub.

Sanki çempion olmayacağını hiss edən Məmmədyarov hələ finaldan əvvəl olimpiya sistemində özünü tam göstərə bilmədiyini demişdi: “Oyun sayı az olduğundan Şəhriyar Məmmədyarov özü ola bilmir. Bu sistem ən önəmli anlarda psixoloji olaraq mənə mane olur”.

Bununla belə, Məmmədyarov yarışın əhəmiyyətini vurğulayır: “Səhv etmirəmsə, sonuncu dəfə 23 il əvvəl Azərbaycan çempionatında iştirak etmişəm. Dünyada aparıcı şahmatçıların çıxış etdiyi ölkə birincilikləri azdır. Builki Azərbaycan çempionatı tam fərqlidir. Sürprizlə dolu turnirdir”.

Elə sonluq da əsl sürpriz oldu. Halbuki, finaldan əvvəl Məmmədyarovun şansları daha yüksək qiymətləndirilirdi. Əməkdar məşqçi Fikrət Sideifzadə də mətbuata açıqlamasında məhz onun Azərbaycan çempionu olacağını düşünürdü: “O bu yarışda yaxşı mübarizə aparıb. Çox ciddi rəqiblərini 2:0 hesabı ilə məğlub edib. Düşünürəm ki, birinci yerə də layiqdir. Məmmədyarov finaldakı rəqibi Məmmədovdan bir pillə üstündür. Rauf da çox təcrübəli şahmatçıdır, ancaq Şəhriyar dünya şahmat elitasında daha üstün mövqedədir. Amma artıq bir səhv də həlledici ola bilər”.

Təcrübəli mütəxəssis Rəcəbovun yarımfinalda gələcək çempion Məmmədova uduzmasını isə belə şərh edib: “Teymur çoxdandır ki, oynamır, şahmata az diqqət yetirir. Ancaq o, düşünməli idi ki, peşəkar kimi yarışdan əvvəl oynamalıyam, formaya düşməliyəm. Buraxdığı səhv də oyunları yetərincə təhlil etməməsindən xəbər verir. Hətta mən ona səhv də demərəm, bu faciədir. Göz görə-görə vəzirə “hücum etmək” Teymurun atacağı addım deyil. Bu ona çox güclü psixoloji zərbə oldu. Adi adamlar bəlkə də bunu hiss etmir, ancaq bizim başımıza gəldiyi üçün nə demək olduğunu yaxşı bilirik. Belə səhvlər edəndə insan özünü lap dənizə atmaq istəyir. Məncə, o, üçüncü yer uğrunda görüşdən psixoloji amilə görə imtina etdi. Nə desin? Desin ki, Misrətdin İskəndərovla oynamıram? Hətta bu səhv onun beynində uzun müddət iz buraxacaq və asanlıqla keçməyəcək” (İdman.biz).

Bəli, 3-cü yer uğrunda qarşılaşma keçirilməyib. Rəcəbov səhhətində problem yarandığını bildirərək çıxışını dayandırıb və nəticədə hər iki oyunda Misrətdin İskəndərova qələbə verilib (2:0).

Bununla bağlı mətbuata danışan İskəndərov klassik şahmatda Rəcəbova uduzmayacağını düşündüyünü deyib: “Daha əvvəl onunla qarşılaşmamışam. Yarımfinalda Şəhriyar Məmmədyarova uduzsam da, onunla görüşdən sonra özümə inamım artdı. Yaxşı oynamışdım. Növbəti dueldə də özümə inanırdım. Fikrimcə, oyun tay-brekə qədər davam edəcəkdi.

Ümumilikdə, yarış mənim üçün uğurlu alındı. Reytinqdə məndən yuxarıda olanlara qalib gələ bildim. Yekunda üçüncü yeri tutdum”.

***

Qadınların yarışında isə sensasiya olmayıb. Azərbaycan şahmatçıları arasında ən yüksək reytinqə malik Günay Məmmədzadə bütün oyunlarda rəqiblərini, tay-brekdə olsa belə, məğlub edə bilib – özü də hamısında 2,5:1,5 hesabı qeydə alınıb. O, əvvəlcə Lalə Hüseynova, sonra da Səbinə İbrahimovanı mübarizədən kənarlaşdırıb, yarımfinalda gələcək bürünc mükafatçı Gülnar Məmmədova, finalda isə Gövhər Beydullayevadan güclü olub.

Maraqlıdır ki, Məmmədzadə həm yarımfinalda, həm də finalda ilk oyundan sonra hesabda geri düşsə də, əzmkarlıq göstərərək rəqiblərinə qalib gələ bilib.

Finalçıya gəlincə, əvvəlcə Səbinə Rzalını çətinlik çəkmədən məğlub edən (2:0) Beydullayeva dörddəbirdə Türkan Məmmədyarova ilə ilk görüşdə uduzsa da, sonra geridönüş edərək tay-brekdə qalib gəlib (3:2), nəhayət, yarımfinalda da Ülviyyə Fətəliyevadan güclü olub (2,5:1,5).

Sideifzadə final ərəfəsində qadınların yarışı ilə bağlı da fikirlərini bölüşüb: “Günay Məmmədzadənin bu turnirdəki oyunu xoşuma gəlmir. Dörddəbir finalda da çətinliklə qalib gəlib. Hər bir şahmatçının maksimumu var. Qadın şahmatçılarımız son dönəmlərdə yaxşı çıxış edirlər. Daha da irəli addımlamaq üçün çalışmalıdırlar, öz səhvləri üzərində işləməlidirlər. Təəssüf ki, qadınlardan ibarət millidə aşağıdan gələn gənc şahmatçı görmürəm. Bu da böyük minusdur. İlk beş qrossmeysterdən sonra Nərmin Abdinova və Ayan Allahverdiyeva hələlik komandaya yaxınlaşa bilmirlər”.

3-cü yer uğrunda mübarizənin ilk oyununda uduzmasına baxmayaraq, sonrakı görüş və tay-brekdə əzmkarlıq göstərən Gülnar Məmmədovanın reytinqə görə özündən üstün olan Ülviyyə Fətəliyevaya ümumi 3:1 hesabı ilə qalib gəldiyini də bildirək.

Rasim MÖVSÜMZADƏ





İdman