Zəka yarışının qalibi kim olacaq?

post-img

Fevralın 1-də start götürən Azərbaycan çempionatında milli komandanın bütün üzvləri, FIDE reytinqində yüksək yerlərdə qərarlaşanlar və 1-ci dəstədə ən yaxşı nəticə göstərən şahmatçılar çıxış ediblər. Ümumilikdə, yarışa ölkə çempionatlarının 19 qızıl medalçısı, 5 Avropa çempionu, Dünya kubokunun sahibi və beynəlxalq turnirlərin qalibləri qatılıb.

Kişilərin çempionatında üçqat Avropa çempionları Şəhriyar Məmmədyarov (rapid üzrə dünya çempionu), Teymur Rəcəbov (Dünya kubokunun sahibi), Rauf Məmmədov, son ölkə çempionu Aydın Süleymanlı, o cümlədən

Vasif Durarbəyli, İddiaçılar turnirinin iştirakçısı Nicat Abasov, qitə çempionu Eltac Səfərli, Məhəmməd Muradlı və digərləri mübarizə aparıb.

Qadınların yarışında isə Avropa çempionu Ülviyyə Fətəliyeva, milli komandanın üzvləri – qitə çempionatının medalçıları Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, eyni zamanda, son çempion Ayan Allahverdiyeva, Türkan və Zeynəb Məmmədyarovalar və digərləri Azərbaycanda kimin daha güclü olduğunu müəyyənləşdirməyə çalışıblar.

İştirakçıların reytinqinə gəlincə, FIDE-nin fevral ayı üçün dünya sıralamasında ilk 100-lüyə düşən Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarovun 2732 (dünyada 20-ci), Teymur Rəcəbovun 2698 (32-ci), Rauf Məmmədovun isə 2656 reytinq xalı (71-ci) var.

Qadınlarda Günay Məmmədzadə 2412 (36-cı), Gövhər Beydullayeva 2404 (41-ci), Ülviyyə Fətəliyeva 2381 (64-cü) və Xanım Balacayeva 2355 reytinq xalına sahibdir (89-cu).

Olimpiya sistemi üzrə, yəni “uduzan çıxır” prinsipi ilə keçirilən yarışda şahmatçılar bir-biri ilə həm ağ, həm də qara fiqurlarla mübarizə aparırlar. İki oyundan sonra bərabərlik qeydə alındığı təqdirdə tay-breklər oynanılır. Yarışı daha maraqlı etmək üçün tay-brek olmadan mərhələ adlayan şahmatçıya yekunda bonus pul mükafatı da veriləcəyi bildirilir.

Azərbaycan çempionatının ümumi mükafat fondu 90 min manat – kişi şahmatçılarda 60 min, qadınlarda isə 30 min təşkil edir. Kişilərin yarışında qalib 20 min, qadınlarda isə 10 min manat qazanacaq.

Yanvarın 31-də “Landmark” Biznes Mərkəzində açılış mərasimində çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov bu turnirin əvvəlkilərdən bir çox xüsusiyyətlərinə görə fərqləndiyini bildirib: "Azərbaycan şahmatında müxtəlif dövrlər olub. Ancaq ilk dəfədir ki, ölkənin ən güclü şahmatçıları bir çempionatda toplaşıb. Hesablamalarımıza görə, bu, Azərbaycanın kişilər arasında 80-ci, qadınlar arasında isə 75-ci çempionatıdır. Ötən il etik prinsiplərlə bağlı təsdiqlədiyimiz sənəddə qeyd etmişdik ki, Azərbaycan çempionatlarında iştirak etməyən şahmatçılar federasiya tərəfindən nəzərdə tutulan dəstəkdən yararlana bilməyəcəklər. Sevindirici haldır ki, bu məqam şahmatçılarımızın qərarına təsir edib".

Ölkə çempionatı ərəfəsində fikirlərini açıqlayan şahmat üzrə Əməkdar məşqçi Fikrət Sideifzadə də budəfəki yarışın digərlərindən fərqləndiyini vurğulayıb: “Burada ən güclü şahmatçılarımız iştirak edəcəklər. Üstəlik, çempionatın yüksək mükafat fondu var. İndiyə qədər analoji yarışda belə rəqəmlər olmayıb. Yadımda deyil ki, Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov nə vaxtsa Azərbaycan çempionatında oynayıblar. Bu turnirdə, həmçinin Avropa çempionatında iştirak edəcək komandanın heyəti də müəyyənləşəcək” (İdman.biz).

Kişi şahmatçıların çempionatında mübarizəyə 26 şahmatçı başlayıb.

İlkin mərhələdə cütlüklərdə favorit sayılanlar 1/8 finala çıxıblar. Eltac Səfərli, Məhəmməd Muradlı və Fərid Abbasov iki qələbə, Vüqar Əsədli, Əhməd Əhmədzadə, Misrətdin İsgəndərov və Read Səmədov bir qələbə və bir heç-heçə ilə, Namiq Quliyev, Vüqar Rəsulov və Nicat Məmmədov isə tay-breklərdə bu mərhələni uğurla adlayıblar.

Daha yüksək reytinqə malik aparıcı qrossmeysterlər yarışa 1/8 finaldan qoşulublar. Bu mərhələdə onlardan Şəhriyar Məmmədyarov iki qələbə, Teymur Rəcəbov, Rauf Məmmədov və Aydın Süleymanlı bir qələbə və bir heç-heçə ilə yollarına davam ediblər.

Tay-breklərə qalan cütlüklərə gəlincə, Muradlıdan başqa, digər qarşılaşmalarda favoritlərin məğlub olması diqqəti çəkir. İkinci mərhələdə İsgəndərov daha yüksək reytinqə malik Nicat Abbasovu, Əhmədzadə də Vasif Durarbəylini, Əsədli isə Səfərlini mübarizədən kənarlaşdırıb.

Dörddəbir finalda Məmmədyarov Muradlı ilə oyunlarda iki qələbə qazanıb. İsgəndərov bu dəfə özündən reytinqdə daha üstün olan Süleymanlıya bir qələbə və bir heç-heçə ilə qalib gəlib.

Nəhayət, tay-breklərdə Rəcəbov Əsədlidən, Məmmədov isə Əhmədzadədən güclü olub.

Yarımfinallarda Məmmədyarov bu dəfə İsgəndərovun sensasiya etməsinə imkan verməyib – iki oyun və iki qələbə.

Rəcəbov - Məmmədov duelində isə mübarizə heç-heçələrlə davam etdiyindən qalib tay-breklərdə müəyyənləşib.

Yeri gəlmişkən, Rauf Məmmədov çempionatda, Rəcəbov və Məmmədyarov başda olmaqla, bütün tanınmış şahmatçıların çıxış etmələrinin gözəl təşəbbüs olduğunu və bunun davam etməsini istədiyini dilə gətirib: “Çünki Azərbaycan irəlidə gedən şahmat ölkəsidir. Biz ABŞ çempionatına baxsaq, orada bütün yüksək FIDE reytinqinə malik şahmatçıların mübarizə apardığını görə bilərik. Güclülər oynayanda həmişə maraqlı olur”.

Qadınların yarışında isə 16 şahmatçı mübarizə aparıb. 1/8 finalda Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva və Gülnar Məmmədova iki qələbə, Zeynəb Məmmədyarova və Səbinə İbrahimova bir qələbə və bir heç-heçə ilə, Türkan Məmmədyarova və Günay Məmmədzadə isə tay-breklərdə rəqiblərinə qalib gəliblər.

İlk mərhələdə təcrübəli Zeynəbin reytinqdə ondan daha yüksəkdə olan Ayan Allahverdiyevanı, İbrahimovanın isə daha yüksək reytinqə malik Nərmin Abdinovanı məğlub etməsini qeyd etmək mümkündür.

Dörddəbir finalda, əsasən, favoritlər qalib gəlib. Fətəliyeva Zeynəbdən güclü olub – iki oyun, iki qələbə.

Tay-breklərə gedən görüşlərdə Məmmədzadə İbrahimovaya, Beydullayeva isə Məmmədyarova bacılarından kiçiyi Türkana qalib gəlib. Yalnız Məmmədovanın reytinqdə özündən yüksəkdə olan Balacayevanı məğlub etməsi diqqəti çəkir.

Türkanla bağlı maraqlı məqamı qeyd edək ki, o, ilk mərhələnin startında Nərmin Kazımovaya uduzsa da, sonra geridönüş edərək, mübarizədən qalib ayrılıb. 1/4 finalda isə əksinə - ilk oyunda Beydullayevaya qalib gəlsə də, sonra üstünlüyü əldən verərək məğlub olub.

Yarımfinallarda Məmmədova və ondan daha yüksək reytinqə malik Məmmədzadə hərəyə bir qələbə qazanaraq qalibi tay-brekdə müəyyənləşdiriblər.

Beydullayeva və reytinqdə ondan aşağıda olan Fətəliyeva isə iki heç-heçə ilə əlavə oyunlara ehtiyac duyublar.

Finalın ilk oyunu fevralın 13-də saat 15:00-da başlayacaq. İkinci görüş ertəsi gün yenə saat 15:00-da start götürəcək.

Əgər ümumi hesabda bərabərlik yaransa, fevralın 15-də tay-breklər oynanılacaq ki, onlar da saat 15:00, 16:30 və 18:00-a təyin olunub.

P. S. Tay-brekdə ümumi 3:2 hesabı ilə Teymur Rəcəbova qalib gələn Rauf Məmmədov finalda Şəhriyar Məmmədyarova rəqib olub.

Misrətdin İsgəndərov və Rəcəbov isə 3-cü yer uğrunda qarşılaşacaqlar.

Qadınların yaraşında hər iki yarımfinalda tay-breklərdə 2,5:1,5 hesabı qeydə alınıb. Qalib gələn Günay Məmmədzadə və Gövhər Beydullayeva finalda üz-üzə gələcəklər.

Məğlub olan Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova isə 3-cü yer uğrunda oynayacaqlar.

Rasim MÖVSÜMZADƏ,
idman şərhçisi



İdman