Döyüşə cüdoçu qızlar da gedir- REPORTAJ

post-img

Qızların döyüş idman növləri ilə məşğul olmasına cəmiyyətin münasibəti birmənalı deyil. Əski düşüncələri yox etmək üçün təbii ki, qızların kütləvi şəkildə idmanla, o cümlədən döyüş növləri ilə də məşğul olmaları və bu sahədə davamlı qələbələrin qazanılması vacibdir.

Necə deyərlər, zərif cinsin nümayəndələri güclülərin mübarizəsində aciz olmadıqlarını sübut etməlidirlər. Bu prosesdə gücü, əzmkarlığı, qətiyyəti, qələbələri ilə nümunə olmuş idmançılar mühüm rol oynaya bilərlər.

Azərbaycan qadın cüdosunun ən parlaq siması, Kifayət Qasımovanın atdığı təqdirəlayiq addım qadın idmançılarımıza nümunədir. Məhz onun arzusu və istəyi ilə Qadın Cüdo Klubu yaradılıb ki, burada da, zərif cinsin nümayəndələri arasında gələcəyin ən perspektivli tatami ustaları yetişə bilər. Onu da qeyd edək ki, Kifayət xanım, həm də “Judo Club 2012”nin qadınlardan ibarət komandasının baş məşqçisidir.

Qızların məşqlərini yaxından izləmək, hazırlıqları ilə tanış olmaq üçün metronun “Əhmədli” stansiyası yaxınlığındakı Qadın Cüdo Klubunun zalına istiqamət alırıq. Övladlarını məşqə gətirən valideynlərlə ayaqüstü söhbətimizdə bu uşaqların hər birinin zala Kifayət Qasımova kimi ad-san qazanmaq arzusu ilə gəldiyini öyrənirik. Deyirlər ki, aylar keçdikcə, övladlarında daha güclü potensial görürlər ki, bununla da hədəflər daha da böyüyür. Bu uşaqların hər biri Dünya, Olimpiya çempionu olmaq istəyir.

Zala daxil olanda məşqlər artıq başlamışdı. Qızlar turnik, kanat, paralel qollar və digər idman alətlərində isinmə hərəkətləri edirdilər. Oturub-durma, jim, asta qaçış daha sonra tatamidə məşqlərlə davam edir. Cütlər ayaq üstə və oturaq vəziyyətdə müəyyən fəndləri dəqiq yerinə yetirmək üçün böyük səy göstərir, üstünlüklərini nümayiş etdirməyə can atırlar. Məşqçi qızlara daha diqqətli olmağı tövsiyə edir. Onların arasında yaşları daha az olanlar atma fəndlərini çox ehtiyatla yerinə yetirirlər.

Məşqdən sonra həm idmançı qızlar, həm də onların valideynləri ilə söhbət edirik. Yeniyetmələrin son Azərbaycan birinciliyində bürünc medal qazanan Məsumə Məmmədlinin anası Günel xanım qızının cüdoya sevgisini dilə gətirdi:

– Qızım cüdo məşqlərində həvəslə iştirak edir. Bu idman növü ilə cəmi 1 il yarım məşğul olmasına baxmayaraq, Kifayət xanımın səyləri nəticəsində artıq yüksək nəticələr qazanmağa nail olub. Bir sıra yarışlarda fərqlənib. Azərbaycan birinciliyində 3-cü yeri tutduğu üçün yığma komandanın heyətində yer alıb. Məsumənin cüdoya sevgisi sonsuzdur. Hədəflər böyükdür. İnanırıq ki, gələcəkdə qarşıya qoyduğumuz məqsədə çata biləcəyik.

9 yaşlı Fidan İsgəndərova 3 ilə yaxındır ki, məşqləri davam etdirir. Hazırlığa böyük həvəs və maraqla qatılır. Deyir ki, gələcəkdə müəllimi kimi nailiyyətlər qazanacaq.

Damla Bayramova da 9 yaşdadır. O, Olimpiya çempionu olmaq arzusundadır:

– Cüdonu bizə Kifayət müəllimə sevdirib. Anam bu yolda mənə böyük dəstək verir. Bir çox yarışlarda iştirak edib, medallar qazanmışam. Son yarışda –“Xəzri cüdo turniri”ndə 3-cü yeri tutmuşam.

Aydan Həsənova da yaşıdları kimi böyük arzularla yaşayır. İki ildir ki, zalda məşqləri davam etdirir. Düşünür ki, gələcəkdə böyük qələbələr qazana bilər. Aydanın anası da qızına bu çətin yolda dəstək olur.

Pəri Məmmədlinin anası Fərqanə xanım klub yaranandan qızının da məşqlərə qatıldığını dedi:

– Qızımın əvvəlcə özünümüdafiə məqsədilə bu idman növündə məşğul olmasını istəyirdik. Zaman keçdikcə, onun cüdoya həvəsini və marağını hiss etdik. Kifayət Qasımovanın əldə etdiyi nailiyyətlər qızlarımız üçün bir stimuldur. Qızım artıq 3 ilə yaxındır ki, bu idman növü ilə məşğul olur. Federasiyanın təşkil etdiyi yarışlarda bir sıra nailiyyətlər qazanıb. Yeniyetmələr arasında son Azərbaycan birinciliyində 3-cü yer uğrunda mübarizədə zədələndi və 5-ci nəticə göstərdi.

Məşqlər sona çatsa da, komandanın bəzi üzvləri, əsasən də böyüklər tatamidən ayrıla bilmirlər. Daha balacalar isə qolları, kürəyi və bütün bədəni gücləndirən kanatla yuxarı doğru hərəkət edir, şən səslə yarışırlar. Qızlardan yaşca ən kiçiyi, 5 yaşlı Zumra Mirzəliyeva onu zaldan götürməyə gələn atasına öyrəndiyi fəndləri göstərməyə çalışır. Qızcığaza yaxınlaşıb, hazırlığın necə keçdiyini soruşuruq. O isə “Məşqlər nə tez qurtardı. Axı mən heç yorulmadım ki”, – deyir.

Əslində, bu qızların heç biri yorğun görünmürdü. Kimi tatami üzərində, kimi idman alətlərində hərəkətləri davam etdirir, bəziləri isə məşqçinin ətrafında dövrə vuraraq hazırlıqla bağlı onun fikirlərini bilmək istəyirdilər.

Elə Kifayət xanım da məmnun görünürdü. Bizimlə söhbətində də bunu etiraf etdi:

– Həmişə arzulamışam ki, oğlanlar kimi, qızlar da döyüş növləri ilə fəal şəkildə məşğul olsunlar. Güləşdiyim vaxtlarda düşünürdüm ki, karyeramı bitirəndən sonra məşqçilik edəcəyəm. Qadın Cüdo Klubunu yaratmağı arzulayırdım. Şükür Allaha, istəyimi yerinə yetirdim. Dəstəyə görə Cüdo Federasiyasına təşəkkür edirik. Bu cür hər bir şəraiti olan zalda gələcəyin potensiallı cüdoçularını yetişdirə bilərik. Hazırda qrupda 6 yaşdan 13–14 yaşadək 60-a yaxın qız cüdonun sirlərinə yiyələnir. 2 ildən çoxdur ki, fasiləsiz məşqləri davam etdiririk. Düşünürəm ki, qızlarımızın cüdo idman növündə kütləviliyini təmin edə bilərik. Artıq nailiyyətlərimiz də var. Qızlarımızın biri Azərbaycan birinciliyində gümüş medal qazanıb. 2-si isə zədə səbəbindən mükafatçılar sırasına düşə bilmədi.

Qadın Cüdo Klubunda gələcəyin Avropa, Dünya, Olimpiya çempionlarını görmək diləyi ilə bu gözəl arenadan ayrılırıq. Arzu edirik ki, müxtəlif idman növləri üzrə qızlar üçün belə klub və cəmiyyətlərin sayı daha çox olsun.

Leyla QURBANOVA
XQ























İdman