Dünya güləşinin canlı əfsanəsi Azərbaycan güləşçisi Mariya Stadnik idmançı kimi peşəkar karyerasını başa vurub. Titullu idmançı bu barədə “İnstaqram”dakı şəxsi hesabında paylaşım edib:
– Mən adımı dünya qadın güləşi tarixinə yazdım. Bu tarixi mənimlə birlikdə yaradan hər kəsə minnətdaram. İndi isə həyatımın bu səhifəsini bağlayıb yeni bir tarix yazmağın vaxtıdır. Güləş, hər şey üçün sənə təşəkkür edirəm.
Qeyd edək ki, ikiqat Dünya, onqat Avropa çempionu və dördqat (2 gümüş və 2 bürünc) Olimpiya mükafatçısı olan Mariya Stadnik Azərbaycan idmanının yeganə beşqat Olimpiada iştirakçısıdır. Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının 2 qat qalibi olan idmançı nəinki ölkəmizdə, dünyanın bir çox ölkələrində qadın güləşçilər üçün mübarizə əzmi və çalışqanlığı ilə nümunə, kumir olub.
İdman karyerasını başa vuran Mariya bundan sonra Azərbaycan Güləş Federasiyasında qadın güləşi üzrə koordinator vəzifəsində çalışacaq.
L.QURBANOVA
XQ