AMADA-nın aparıcı mütəxəssisləri Avropanın Profilaktika üzrə Tədris Proqramında iştirak ediblər

post-img

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nı icra edən dövlət orqanları siyahısında yer alıb.

AMADA-dan  verilən məlumata görə, agentlik Dövlət Proqramı çərçivəsində antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması məqsədi ilə mütəmadi olaraq tədbirlər və layihələr həyata keçirib. Silsilə layihələr fonunda AMADA tərəfindən Avropanın Profilaktika üzrə Tədris Proqramının (EUPC) təlimat kitabçası Azərbaycan dilinə tərcümə olunub. Bu proqramın davamı olaraq AMADA-nın aparıcı mütəxəssisləri EUPC-də iştirak ediblər.

Avropa İttifaqının Narkotiklər üzrə Agentliyi (EUDA) tərəfindən onlayn formatda təşkil olunan proqram psixoaktiv maddələrin istifadəsinin qarşısının alınması sahəsində sübutlara əsaslanan profilaktika yanaşmalarını öyrənmək məqsədilə geniş platforma təqdim edib.

Beş gün davam edən proqram iştirakçılara ailə, məktəb və icma əsaslı strategiyaları mənimsəmək və bu bilikləri Azərbaycanın profilaktika tədbirlərində tətbiq etmək imkanı yaradıb.

Proqramın birinci günü onlayn platformanın funksiyalarının təqdimatı və profilaktika sahəsində giriş mövzularını əhatə edib, iştirakçılara təşkilati məlumatlar və tədris prosesinin ümumi məqsədləri izah olunub. İkinci gün psixoaktiv maddələrin istifadəsinin epidemiologiyası və profilaktikasının əhəmiyyəti barədə müzakirə aparılıb, profilaktika terminologiyası və onun düzgün tətbiqi haqqında məlumat verilib. Növbəti günlərdə iştirakçılara BMT-nin Narkotiklərin Qarşısının Alınmasına dair Beynəlxalq Standartları və Avropanın Narkotik Asılılığın Qarşısının Alınmasına dair Keyfiyyət Standartları (EDPQS) barədə məlumat verilib, ailə, məktəb və iş yeri əsaslı profilaktikanın əsas prinsipləri istiqamətində fikir mübadiləsi aparılıb. Həmçinin ətraf mühit və icma əsaslı profilaktika yanaşmaları ilə yanaşı, media vasitəsilə həyata keçirilən profilaktika müdaxilələrinin təsiri və effektivliyi haqqında məlumatlar təqdim olunub, habelə sübutlara əsaslanan profilaktika üzrə təbliğat strategiyaları, monitorinq və qiymətləndirmə mexanizmləri haqqında müzakirələr aparılıb.

AMADA-nın əməkdaşlarının bu proqramda iştirakı agentliyin beynəlxalq təcrübələrdən faydalanmaq və ölkə daxilində psixoaktiv maddələrin istifadəsinin qarşısını almaq üçün daha effektiv strategiyalar tətbiq etmək məqsədini bir daha vurğulayıb. Təlimdən əldə edilən biliklər AMADA-nın profilaktika üzrə milli strategiyalarının təkmilləşdirilməsində və dayanıqlı həllərin inkişafında mühüm rol oynayacaq. Agentlik sübutlara əsaslanan profilaktika yanaşmalarını həyata keçirmək və beynəlxalq standartlara uyğun təcrübələri genişləndirmək istiqamətində öz fəaliyyətini davam etdirəcək.

İdman