Ölkəmiz cüdoda fərqli məktəblərlə təmsil olunur
Yeni Olimpiya dövrü ərəfəsində milli komandalarımızın gücləndirilməsi, Avropa, Dünya çempionatlarında, “Olimpiada-2028”də daha yüksək nəticələrin əldə edilməsi üçün görülən tədbirlər davam edir. Ötən Olimpiya Oyunlarında fərqlənərək komandamızın aktivinə qızıl medalları yazdıran cüdo yığmamızın bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir.
Azərbaycan Cüdo Federasiyası (ACF) milli komandaların bütün yaş kateqoriyalarında işini beynəlxalq standartlara uyğunlaşdırmaq və aşkarlanmış istedadların elit idmançı səviyyəsinə effektiv şəkildə keçidini təmin etmək məqsədilə məşqçilər heyətində bir sıra dəyişikliklər edib. Belə ki, Riçard Trautman kişilərdən ibarət milli komandanın baş məşqçisi kimi fəaliyyətini davam etdirməklə yanaşı, həm də yığmaların bütün yaş qrupları üzrə işin təşkilinə və koordinasiyasına nəzarət edəcək performans direktoru vəzifəsində çalışacaq.
Buna qədər gənclərdən ibarət seçmənin baş məşqçisi işləyən Elxan Məmmədov kişilərdən ibarət milli komandanın böyük məşqçisi vəzifəsinə təyin edilib. Eyni zamanda, Robert Kravçik də kişilərdən ibarət milli komandanın böyük məşqçisi olacaq. 2013-cü ildən məşqçilik fəaliyyəti ilə məşğul olan, indiyədək Polşa, Avstriya və Belçika milli komandalarında baş və böyük məşqçi kimi çalışan R.Kravçikin yetirmələri Avropa, Dünya çempionatlarının, Olimpiya Oyunlarının dəfələrlə mükafatçıları olublar.
Gənc oğlanlardan ibarət milli komandanın baş məşqçisi vəzifəsi isə indiyə qədər yeniyetmə oğlanlardan ibarət yığmaya rəhbərlik edən Rüstəm Alimliyə tapşırılıb. Yeniyetmə oğlanlardan ibarət milli komandanın baş məşqçisi isə bunadək həmin kollektivdə məşqçi kimi çalışan Emin İskəndərov olacaq.
Gənc və yeniyetmə oğlanlardan ibarət milli komandaların texniki və taktiki hazırlığının müasir standartlara uyğun təmin edilməsinə Kotaro Sasaki cavabdehlik daşıyacaq. Bu yığmalarda məşqçi kimi fəaliyyət göstərəcək Yaponiyanın məşhur “Tokai” Universitetinin məzunu olan K.Sasaki
2016-cı ildən ölkəsində, həmçinin Avropanın bir sıra klublarında məşqçi kimi çalışmaqla yanaşı, müəyyən müddət Polşa Cüdo Federasiyasında yeniyetmələrdən ibarət komandanın əsas məşqçisi, eləcə də Olimpiya heyəti və gənclərdən ibarət milli millinin köməkçi məşqçisi kimi fəaliyyət göstərib. K.Sasakinin yetirmələri böyüklər və gənclər arasında dünya çempionatlarının mükafatçıları olublar.
Qadınlardan ibarət milli komandanın baş məşqçisi Rəşad Məmmədovla qarşılıqlı razılaşma əsasında əməkdaşlığa son verilib. Onun yerinə Amina Abdullatif təyin edilib. 2006-cı ildən məşqçilik təcrübəsi olan A.Abdullatif daha əvvəl Fransanın gənclər və yeniyetmələrdən ibarət milli komandalarının məşqçisi vəzifəsində çalışıb. Son illərdə isə Fransanın Milli İdman İnstitutunda cüdo şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib. Onun yetirmələri böyüklər, gənclər və yeniyetmələr arasında dəfələrlə Dünya və Avropa çempionatlarının mükafatçıları olublar.
2016-cı ildən məşqçilik fəaliyyəti ilə məşğul olan almaniyalı Saşa Herkenrat-Vimar qadınlardan ibarət milli komandanın məşqçisi vəzifəsinə təyin edilib.
Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu yeni məşqçi təyinatları ilə bağlı açıqlama verib. O bildirib ki, bu dəyişikliklər qlobal səviyyədə rəqabət apara biləcək elit cüdo komandasının formalaşdırılması istiqamətində atılan mühüm addımdır. Vurğulanıb ki, milliyə cəlb edilən yeni xarici mütəxəssislərin hər biri fərqli cüdo məktəblərini təmsil edirlər. Bütün bunlar komandanın ən yaxşı təcrübələrdən istifadə imkanlarını genişləndirir. Bu, eyni zamanda, yerli məşqçilərin özlərini inkişaf etdirmələri üçün münbit şərait yaradır:
– Əminik ki, daha da gücləndirilmiş məşqçi heyəti federasiyanın qarşıya qoyduğu məqsədlərə çatmaq üçün öz dəyərli töhfələrini verəcək.
Leyla QURBANOVA
XQ