Tramp: Neftin aşağı qiyməti Ukrayna savaşına son qoyacaq

post-img

Davosda keçirilən forumda videobağlantı vasitəsilə çıxış edən ABŞ prezidenti Donald Tramp neftin qiymətini aşağı salmağa çağırıb. Onun fikrincə, neftin qiymətinin aşağı düşməsi Ukraynada müharibənin sürətlə bitməsinə səbəb olacaq.

ABŞ-ın yeni lideri Rusiyanın Ukraynaya qarşı müharibəsinin sülh yolu ilə həlli üzərində işin artıq başladığını bildirib. O, bu barədə Davosda Dünya İqtisadi Forumunda videobağlantı vasitəsilə çıxış edərkən bildirib. Eyni zamanda, Tramp Rusiyanın Ukraynaya qarşı müharibəni davam etdirməsinə neftin yüksək qiymətinin kömək etdiyi qənaətində olduğunu bildirib. O, döyüşləri tez bir zamanda başa çatdırmaq naminə qiymətləri aşağı salmağa çağırıb: “Mən Səudiyyə Ərəbistanından və OPEK-dən neftin qiymətini aşağı salmağı xahiş edəcəm. O, aşağı salınmalıdır! Aşağı düşərsə, Rusiya ilə Ukrayna arasında müharibə dərhal bitəcək. Qiymət indi bu müharibəni davam etdirmək üçün kifayət qədər yüksəkdir”.

Tramp çıxışında Amerika iqtisadiyyatının böyük həcmdə xarici investisiyalar gözlədiyini də bildirib. “Mesajım aydındır: gəlib mallarınızı Amerikada hazırlayın. Əks halda, idxal olunan məhsullara rüsumlar tətbiq olunacaq. ABŞ iş yerləri yaratmaq və yeni fabriklər tikmək üçün ən yaxşı yerdir", – o, deyib.

 Səudiyyə Ərəbistanı artıq ABŞ-a 600 milyard dollar sərmayə qoyacağını açıqlayıb. Lakin ABŞ Prezidenti hesab edir ki, bu rəqəm 1 trilyon dollara çatdırılmalıdır. Çünki onun dediyi kimi, ABŞ Səudiyyə Ərəbistanına “çox mehriban” olub. Tramp əmindir ki, Ər-Riyad investisiya ilə yanaşı, neft hasilatını da artıracaq və yanacağın ucuzlaşmasında rol oynayacaq. 

Bu, Vaşinqtonun neftin qiymətinin aşağı salınması ilə bağlı ilk müraciəti deyil. Noyabrda ABŞ-ın hazırkı milli təhlükəsizlik müşaviri Mayk Uolts “NPR”yə müsahibəsində enerji təzyiqi vasitəsilə Moskvanı danışıqlar masasına gətirməyi təklif edib. O qeyd edib ki, indi Rusiya Ukraynada genişmiqyaslı münaqişəyə başlamazdan əvvəlkindən daha çox neft və qaz satır. ­2024-cü ildə Çin Rusiyadan rekord həcmdə –108 milyon 500 min ton neft alıb. 

“Financial Times” qəzeti yazıb ki, Tramp qiymətləri aşağı salmaq və yerli neft hasilatını artırmaq üçün Amerika istehsalçılarını məhdudiyyətlərdən azad edəcəyinə söz verib: “Birləşmiş Ştatlar Yer kürəsinin istənilən ölkəsindən daha  böyük neft və qaz ehtiyatlarına malikdir və biz onları istismar etmək niyyətindəyik. Dünyanı yüz illərlə enerji ilə təmin edə bilərik. Bu, nəinki faktiki olaraq bütün mal və xidmətlərin qiymətlərini aşağı salacaq, həm də ABŞ-ı istehsal sahəsində supergücə çevirəcək”.

Vaşinqtonda əmindirlər ki, bu yolla həm də Moskvanın neft gəlirlərinə təsir edə biləcəklər. Tramp, hətta neft hasilatını artırmaq məqsədilə icazələrin verilməsini sürətləndirmək üçün enerji sahəsində fövqəladə vəziyyət elan etmək qərarına gəlib. 

Trampın neftin qiymətinin aşağı salınması ilə bağlı müraciətinə münasibət bildirən  Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, enerji resurslarına, xüsusən də neftin qiymətinə məhdudiyyətlər qoymaqla Rusiyanın danışıqlar masasına gətirilməsi sülhün, real təhlükəsizliyin ən vacib açarlarından biridir: “Güc vasitəsilə sülh mümkündür və biz buna tam əminik. Ən əsası, danışıqlar tepmi aşağı salınmamalı və Rusiyaya təzyiq davam etməlidir...Avropa enerji resursları məsələsində Rusiya ilə deyil, Amerika və digər qlobal tərəfdaşlarla daha sıx əməkdaşlıq etməlidir”.

Beləliklə, yeni administrasiyanın strategiyası Moskvaya təsir etmək üçün Rusiya neft istehsalçılarına qarşı tədbirlərin sərtləşdirilməsini nəzərdə tutur. Döyüşlər dayanarsa, ABŞ neftçilərə qarşı bəzi “xoşməramlı jestlər” edə bilər.

Tramp Davosda çıxışı zamanı Ukraynadakı müharibəyə son qoymaq üçün yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istədiyini də bildirib. “Mən, həqiqətən, bu müharibəyə son qoymaq üçün Prezident Putinlə tezliklə görüşmək istərdim. Bu, milyonlarla həyatın xilası nöqteyi-nəzərindən önəmlidir", – o, izah edib.

...Trampdan növbəti sammitdə yenidən çıxış edənə qədər Rusiya və Ukraynanın sülh razılaşmasına nail olacağına inanıb-­inanmadığı soruşulub. “Bunu Rusiyadan soruşmalı olacaqsınız, Ukrayna razılaşmaya hazırdır", – ABŞ Prezidenti cavab verib. 

O, ümid etdiyini bildirib ki, Çin onun ölkəsinə Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmağa kömək edəcək: “Pekin və Vaşinqton arasında münasibətlər “çox yaxşı”dır. Pekinin müharibəni dərhal dayandırması üçün Moskvaya təsir etməyə kifayət qədər gücü var. Biz bunu Çinlə birlikdə edəcəyik... Moskva Ukrayna ilə bağlı sövdələşməyə razı olmasa, daha ciddi sanksiyalarla qarşı-qarşıya qalacaq. ABŞ Moskvanın satdığı hər şeyə yüksək tariflər və sanksiyalar tətbiq edəcək. Ukrayna münaqişəsini asan və ya çətin yolla bitirmək olar. Mən asan yola üstünlük verirəm. Rusiyaya zərər vermək istəmirəm”. 

Rusiya tərəfi Trampın açıqlamalarını cavabsız qoymayıb. Prezidentin mətbuat katibi Dmitri Peskov təhdidlərə cavab olaraq bildirib: “Bilirsiniz ki, Tramp prezidentliyinin ilk iterasiyasında (dəfələrlə təkrarlamaq) ən çox sanksiya metodlarına müraciət edən ABŞ Prezidenti olub. Bu üsullar onun xoşuna gəlir. Əlbəttə ki, bütün ritorikanı, bütün bəyanatları çox diqqətlə izləyirik. Rusiya bərabər və qarşılıqlı hörmətə əsaslanan dialoqa hazırdır”.

Xatırladaq ki, Rusiya tərəfi sanksiyaların ləğvini atəşkəs və danışıqlara başlamaq üçün əsas şərtlərdən biri kimi irəli sürüb. Moskva Ukraynanın NATO-ya daxil olmasını istisna edən zəmanət əldə etməyə çalışır. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib: “Bu, bizim üçün Ukraynada münaqişə ilə bağlı mümkün razılaşmaların əsas elementlərindən biridir. Biz təkcə Ukraynanın NATO-ya üzvlüyünü hər hansı formada istisna edən hüquqi əhəmiyyətli güclü zəmanətlər əldə etməyə çalışmayacağıq, həm də bunun alyansın özünün siyasətinə çevrilməsində israr edəcəyik”.

Qeyd edək ki, Trampın Davosda keçirilən Dünya İqtisadi Forumunda verdiyi açıqlamalardan sonra neft qiymətləri artımdan enişə keçib. Brent markalı neftin bir barelininin qiyməti yanvarın 24-ü səhər 5,31 faiz aşağı düşərək 78, 59 dollar/barel təşkil edib.

P.ƏFƏNDİYEV 
XQ

Dünya