Frank De Bleker: Elçin Məsiyevin I kateqoriyaya yüksəlməsi Azərbaycanda bütün hakimlərə müsbət təkan verəcək

post-img

“Bu, təkcə Elçin Məsiyev üçün deyil, həm də AFFA Hakimlər Komitəsi üçün çox sevindirici xəbərdir. FIFA-nın birinci qrupunda artıq iki hakimimiz var (digəri Əliyar Ağayevdir - red.) və bu, əla nəticədir. Bunu ağır əmək və davamlı performansın nəticəsi, eyni zamanda UEFA-nın hakimlərimizi yaxından izlədiyinin göstəricisi kimi dəyərləndirmək olar. Həmçinin, Azərbaycandakı bütün hakimlərə müsbət təkan verəcək”.

AZƏRTAC xəbər verir ki, bu sözləri AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker milli assosiasiyanın rəsmi saytına müsahibəsində deyib.

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Elçin Məsiyevin FIFA-nın I kateqoriyasına yüksəlməsini şərh edən mütəxəssis bu uğurun səbəbini açıqlayıb: “FIFA hakimi olaraq ardıcıl hərəkət etməli, hər oyunda komandanla birlikdə zirvədə olmalısan. Hakim kimi mümkün qədər “görünməz” qalmalısan. “Görünməz” hakim yaxşı hakimdir, o, oyunda nə baş verdiyini yaxşı bilir. Bu, fiziki hazırlıq, oyunçularla münasibət, epizodu öncədən hiss etmə, aydın qərar qəbul etmə və dil bilikləri kimi müxtəlif bacarıqların birləşməsidir. İngilis dili Avropa futbolunda ünsiyyət üçün çox vacibdir. Baş hakim həm meydanda, həm də ondan kənarda komandanın lideridir. Avropada öz ölkəni təmsil etmək böyük şərəfdir”.

Mütəxəssis son 6 ay ərzində hakimlərimizin irəliləyişə nail olduqlarını söyləyib: “Altı aydır AFFA-nın Hakimlər Komitəsinin rəhbəriyəm. Onlar inkişafdadırlar. Çünki birlikdə əsl komanda kimi çalışırıq. Bir-birimizi dəstəkləyirik, birlikdə qazanır, birlikdə məğlub oluruq. Bu, yeni mentalitetdir! Açıq və şəffaf ünsiyyətlə yaxından çalışırıq. Komandamızda hər kəs önəmlidir. Oyunlar zamanı meydanda liderləri, qərar verənləri görürəm və UEFA-nın təlimatlarını, VAR-la bağlı müdaxilə standartlarını izləyirik. Yüngül cərimə zərbələri və ya əsassız qırmızı vərəqələr vermək istəmirik. Əlbəttə, hakimlərimiz kompüter deyil, onlar da səhv edə bilərlər. Amma böyük səhvlərdən qaçmalıyıq. Hər gün bunun üçün çalışırıq”.

De Bleker Azərbaycanın iki hakiminin I kateqoriyada olmasının mümkün faydalarından da söz açıb: “Ümid edirəm ki, gənc oğlan və qızları hakim olmaq üçün motivasiya edə bilərik. Onlara ehtiyacımız var, çünki hakimsiz futbol yoxdur. Bu səbəbdən hakimlərimizi hörmətlə dəstəkləmək və qorumaq lazımdır. Hakimlik liderlik, məsuliyyəti öz üzərinə götürmə, oyunçularla ünsiyyət qurma kimi bacarıqları gətirir. Bunlar gündəlik həyatımızda istifadə etdiyimiz və ehtiyac duyduğumuz bacarıqlardır. Bunu hər kəsə tövsiyə edirəm. Çünki hakimlik həyatınızı müsbət yöndə dəyişir”.

İdman