3 xal isə hələ meydanda qalıb
Azərbaycan çempionu qızıla bərabər bu xalları fransalı rəqibi “Lion” ilə görüşdə qazanmaq əzmindədir. Bu gün saat 21:45-də başlayacaq oyuna elə ilk dəqiqələrdən Ağdam komandası nəzarət edəcək. Əgər futbolun ayrılmaz parçası olan “Evdə divarlar da kömək edir” anlayışını yada salsaq, gəldiyimiz qənaət ağlabatan məqamdır. Ya da fikrimizi şahmat dili ilə ifadə etsək, “Qarabağ” pley-off mərhələsinə aparan yolun ortalarında meydan sahibi kimi ağ fiqurlarla oynayır. Deməli, bir gediş irəlidəyik və onun üstünlüyündən maksimum fayda götürmək üçün müəyyən zəmin yaranıb.
Liqa mərhələsinin birinci yarısından sonra rəqiblərin turnir mövqeləri fərqlidir. Əgər “Lion” Bakıya ilk dörd turda qazandığı 7 xalla 9-cu pillədə gəlmişsə, “Qarabağ” qələbələrinin və xallarının hesabını yalnız 4-cü turda aça bilmişdir. Toralla, Zubirin Norveçdə “Bodo Qlimt” ilə görüşdə vurduqları və həmişə onlara minnətdarlıqla xatırlayacağımız iki gözəl qol komandamızı turnir cədvəlində 3 xalla sonuncu, 34-cü yerdən 29-cu pilləyə yüksəltmişdir. Bununla da, azərbaycanlı azarkeşlərin ümidləri də artmışdır. Ardıcıl ikinci qələbəyə böyük ehtiyacımız var. Əgər gözləntimiz doğrulsa, ağlımızdan keçənə ürəkdən sevinsək, turnir cədvəlində yenə xeyli irəliləyişin şahidi ola bilərik. Bunun naminə bu axşam “Tofiq Bəhramov”da gərgin mübarizə vəd edən ağır sınaqda son nəfəsədək döyüşməyə dəyər.
Lionlularla matç sürətlə finişə yaxınlaşmaqda olan 2024-cü ildə sonuncudan əvvəlki oyunumuz olacaq. “Qarabağ” bu il beynəlxalq meydanda son görüşünü dekabrın 13-də İsveçdə “Elfsborq”a qarşı keçirəcək.
Daha iki qarşılaşma artıq 2025-ci ildə baş tutacaq. Ölkə çempionumuz yanvarın 23-də Rumıniyanın FCSB komandasını qəbul edəcək, bundan bir həftə sonra, yanvarın 30-da isə Yunanıstanda “Olimpiakos”un qonağı olacaq.
“Qarabağ” Azərbaycan UEFA Avropa Liqasının pley-off mərhələsinə aparan yolda qətiyyətlidir, əzmkardır, özünə inanır və ümidlə yaşayır. Çoxsaylı pərəstişkarları da ona inam və məhəbbətlərini bu dəfə daha ucadan, həmişəkindən də güclü ifadə etməyə hazırdırlar.
Hamımıza uğurlar!
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist