Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) və “Gilavar Foto Klubu”nun birgə təşkilatçılığı ilə “Olimpiya ruhu: Qələbə və məğlubiyyətdən kənar” adlı beynəlxalq foto müsabiqəsinə start verilib.
Qurumdan verilən məlumata görə, müsabiqənin məqsədi 2024-cü - Olimpiya və Paralimpiya ilində təmiz idman dəyərlərinin və ədalətli idman mübarizəsinin fotolar vasitəsilə geniş ictimaiyyətə çatdırılmasıdır.
Müsabiqənin mövzuları arasında qələbə sevinci, məğlubiyyətdən doğan məyusluq, Oyunlarda yaddaqalan məqamlar, təmiz idman ruhu və ədalətli idman prinsiplərinin təbliği yer alır. Seçim prosesində Azərbaycan idmançılarının əcnəbi fotoqraflar tərəfindən çəkilən fotoşəkillərinə xüsusi diqqət yetiriləcək.
Təqdim ediləcək fotoşəkillərin orijinal və 2024-cü ildəki Yay Olimpiya və Paralimpiya oyunları zamanı çəkilmiş olması mütləqdir. Mükafatlar beynəlxalq standartlara uyğun olaraq, Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyası (IAAP) və "Gilavar Foto Klubu" tərəfindən təqdim ediləcək. Mükafatçılar İtaliya, Bolqarıstan və Azərbaycandan olan münsiflər heyəti tərəfindən səsvermə nəticəsində müəyyənləşəcək.
Müsabiqə üçün fotoşəkillər 30 noyabr 2024-cü il tarixədək təqdim olunmalıdır.
Qeyd edək ki, dekabrda müsabiqəyə təqdim olunan fotolardan ibarət sərgi də təşkil ediləcək.