Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsi keçirilib.
Yarışda baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında iştirak edən hər 2 güləşçimiz medal qazanıb.
Ramiz Həsənov (80 kq) amerikalı Tayler Loethen (3:0), yunanıstanlı Aleksandros Spiliotis (5:0) və ukraynalı Maksim Bresə (2:1) qalib gələrək B qrupunun lideri kimi yarımfinala yüksəlib. Finalın bir addımlığında moldovalı Vasile Diakona (1:3) məğlub olan güləşçimiz Bresə yenidən qalib gələrək (3:0) bürünc medalı boynundan asıb.
İbrahim Yusubov (90 kq) A qrupunda maksimum nəticə göstərib. Çimərlik güləşi üzrə ikiqat dünya çempionu almaniyalı Kevin Qremm (3:0), ukraynalı Demid Karaçenko (3:0) və yaponiyalı Asahi İmamuradan (3:0) güclü olub. Yarımfinalda moldovalı Trayan Kapatinanı (3:1) üstələyən İbrahim finalda türkiyəli Mahmut Özkayaya qalib gəlib – 3:0. Bununla da Yusubov cari mövsümdə Dünya Seriyasında ilk dəfə qızıl medal qazanıb.
L.QURBANOVA
XQ