Vüqar Həşimov Memorialı Şuşada keçiriləcək

post-img

Vüqar Həşimov Şahmat Fondu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığıyla ənənəvi Vüqar Həşimov Memorialı təşkil ediləcək. Sayca 10-cu dəfə baş tutacaq yarış 25-30 sentyabr tarixlərində ilk dəfə ölkəmizin mədəniyyət paytaxtı Şuşada keçiriləcək. 

Yarışla bağlı keçirilən mətbuat konfransında turnirin direktoru Anar Allahverdiyev yubiley memorialında iştirakçıların adını açıqlayıb. Rapid və blits üzrə keçiriləcək görkəmli şahmatçı Vüqar Həşimovun xatirə turnirində Azərbaycanı üç şahmatçı təmsil edəcək. Bunlar milli komandanın üzvləri – Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlı olacaq. Eyni zamanda turnirdə Nodirbek Abdussatorov (Özbəkistan, FIDE reytinqi 2766), şahmat tacı uğrunda görüşdə iştirak edən Yan Nepomnyaşiy (FIDE, 2755), Riçard Rapport (Macarıstan, 2766), Yan Kşiştof Duda (Polşa, 2732), yarışın son qalibi Vidit Santoş Gujrathi (Hindistan, 2720) kimi tanınmış şahmatçılar mübarizə aparacaq. 

Ümumilikdə yarışda 10 şahmatçının iştirakı planlaşdırılır. Son iştirakçıların adı yaxın günlərdə dəqiqləşəcək və mətbuata bu barədə məlumat veriləcək. 

Memorialın açılış mərasimi və ilk turun partiyaları sentyabrın 26-da olacaq. Turnir “Şuşa” otelində təşkil olunacaq.

Qeyd edək ki, 10-cu dəfə keçiriləcək Vüqar Həşimov Memorialının baş hakimi müstəqil Azərbaycanın ilk çempionatının qalibi Rauf Hacılıdır.

L.QURBANOVA
XQ

İdman