Cüdo millimiz dünya çempionatında tarixi uğur qazanıb

post-img

Yeniyetmələr arasında dünya çempionatında Azərbaycanın cüdo üzrə milli yığması tarixinin ən uğurlu nəticələrindən birinə imza atıb.

İdman.biz xəbər verir ki, millimiz Peruda keçirilən dünya çempionatında 4 medal qazanmaqla buna nail olub.

Mundialda çıxış edən 7 idmançıdan Nihad Məmişov (-55 kq) və Cəsur İbadlı (-73 kq) bütün rəqiblərinə qalib gələrək qızıl, Məhəmmədəli Hüsiyev (-50 kq) və Mehdi Abbasov (-81 kq) isə bürünc medal əldə edib. Bununla da Azərbaycan ümumkomanda hesabında yalnız Yaponiyadan geri qalaraq 48 ölkə arasında 2-ci, yalnız oğlanların sıralamasında isə Yaponiya da daxil olmaqla, bütün ölkələri qabaqlayaraq 1-ci yeri tutub.

Çempionlarımızdan Nihad Məmişov ikinci dəfə Dünya çempionu olub. Çempionat ərzində keçirdiyi beş görüşün hamısında “ippon”la qalib gələn 17 yaşlı idmançımızla bağlı daha bir xüsusi qeyd ediləsi məqam onun bütün qələbələrini “ne-vaza” vəziyyətində qazanması olub. Məmişovun Peru paytaxtında göstərdiyi yüksək performans Beynəlxalq Cüdo Federasiyasının da diqqətindən yayınmayıb. BCF-in rəsmi sosial şəbəkə səhifəsində onunla bağlı edilmiş “ne-vaza-baijan” başlıqlı paylaşım maraqla qarşılanıb.

O cümlədən, digər çempionumuz Cəsur İbadlı yüksək əzmkarlıq və qətiyyətlə mübarizə aparıb və Azərbaycanın - 73 kq çəki dərəcəsində yeniyetmələr arasında ilk dünya çempionu kimi tarixə düşüb.

Digər əyarlı medalçılarımıza gəlincə, Məhəmmədəli Hüsiyev 15 yaşında dünya çempionatında bürünc medal qazanıb. O, bu ilin iyun ayında Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Avropa çempionatında da fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Bunadək bir neçə Avropa kuboku turnirində yüksək yerlərlə diqqət çəkən Mehdi Abbasovun bürünc medalı da həmçinin, bir ilklə əlamətdardır. Belə ki, o, 81 kq çəki dərəcəsində dünya çempionatının mükafatını qazanan ilk azərbaycanlı yeniyetmə olub.

İdman