Olimpiya komandamızdan 6-cı medal

post-img

Güləşçimiz olimpiadada bürünc mükafat qazanıb

Azərbaycan Olimpiya komandası Paris Yay Olimpiya Oyunlarında böyük uğura imza ataraq daha 1 medal qazanıb. Bürünc mükafatı yığmamızın aktivinə sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kq) yazdırıb. İdmançımız 3-cü yer uğrunda Robert Baranla (Polşa) mübarizə aparıb. Rəqibinə 9:3 hesabla qalib gələn pəhləvanımız 3-cü yeri tutub.  

Dünən Paris Yay Olimpiya Oyunlarında Azərbaycanın daha 2 sərbəst güləşçisi mübarizəyə qoşulub.

Təmsilçimiz Hacı Əliyev (65 kq) yarışa 1/8 finaldan başlayıb. Olimpiadaların gümüş və bürünc mükafatçısının ilk rəqibi meksikalı Ostin Qomes olub. Görüş idmançımızın qələbəsi ilə başa çatıb - 7:0. Əliyev 1/4 finalda İsmail Musukayevlə münasibətinə aydınlıq gətirib. Lakin qarşılaşmada rəqib 10:3 hesabı ilə qalib gəlib.

Maqomedxan Maqomedov (97 kq) da 1/4 finala vəsiqə üçün mübarizə aparıb. Dominikan Respublikası idmançısı Luis Migel Pereslə üz-üzə gələn güləşçimiz rəqibinə heç bir şans verməyib və 9:0 hesabı ilə qələbə qazanıb. Maqomedov ikinci qarşılaşmasında Zbiqnev Baranovski (Polşa) ilə qüvvəsini sınayıb. O, bu dueldən də üstün ayrılıb. Rəqibini 7:2 hesabı ilə məğlub edən Maqomedxan yarımfınala yüksəlib. Finala gedən idmançımız gürcüstanlı Givi Matçaraşviliyə 0:5 hesabı ilə məğlub olub.  Maqomedov bu gün bürünc medal uğrunda güləşəcək.

Qeyd edək ki, indiyədək Azərbaycan komandası 2-si qızıl olmaqla, 5 medal qazanıb. Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kq) və boksçu Alfonso Dominqes (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) isə bürünc medala sahib çıxıblar.

İdman