Tokioda – bürünc, Parisdə – gümüş

post-img

Boksçularımız Olimpiadanı 1 medalla başa vurdu

Azərbaycan Olimpiya komandasının 5-ci medalı boksdan gəldi. Millimizin üzvü Alfonso Dominqes rinqə qızıl medal üçün çıxsa da, təəssüf ki, özbəkistanlı rəqibi ondan güclü oldu. Təmsilçimiz mötəbər yarışın gümüş medalı ilə kifayətləndi. “Tokio-2020”dəki bürüncünü “Paris-2024”də daha da yaxşılaşdıran rinq ustası Azərbaycanın olimpiadalar tarixində 9-cu ikiqat mükafatçısı olub. Ona qədər müxtəlif növlərdə 8 idmançımız ən azı iki olimpiya medalı qazanıb.

Bununla da, boks komandamız yarışı 1 gümüş medalla başa vurdu. Gümüş medal özlüyündə pis nəticə olmasa da, gözləntilər daha böyük idi. Budəfəki olimpiadada 5 boksçu ilə təmsil olunduq. Olimpiadadakı nəticələrə görə Azərbaycan millisi lisenziya sayında dünyanın yalnız üç ölkəsindən (Özbəkistan, Qazaxıstan, Avstraliya) geri qalsa da, nəticədə Meksika ilə 10-cu pilləni bölüşür. Potensial cəhətdən də idmançılarımızın forması yaxşı qiymətləndirilirdi. 

Gümüş medalçımıza gəldikdə, Alfonso Dominqesin özü də qazandığı medalın əyarından razı olmadığını bildirib: 

–Final qarşılaşmasından əvvəl rəqibimiz analiz etmiş, öz taktikamı qurmuşdum. Amma nədənsə, qarşılaşma istədiyim kimi alınmadı. Görünür, rəqib döyüşə daha yaxşı köklənmişdi. 

Boksçumuz olimpiadadan medalsız qayıtmadığına görə Tanrıya dua etdiyini deyib:

–Gümüş medal qazanmaqla tarix yazdım. Amma medalın əyarından razı deyiləm. Söz verirəm ki, növbəti olimpiadada qızıl medal qazanacağam. Hamı qalib gəlmək istəyir. Məğlubiyyətə baxmayaraq, Tanrıya dua edirəm ki, məni medalsız qoymadı.

Mübarizəyə 1/8 finaldan başlayan Alfonso Dominqes ilk görüşündə kubalı Xulio Sezar La Krusa, ardınca qazaxıstanlı Aybek Oralbaya qalib gəlib. İdmançımız yarımfinalda İspaniya təmsilçisi Reyes Planı da məğlub edib. Finalda özbəkistanlı Lazizbek Mullojonova uduzan boksçumuz gümüş medalla kifayətlənib.

İdman