Bakıda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq həndbol turniri keçiriləcək

post-img

Azərbaycan Həndbol Federasiyasında 31-ci ölkə çempionatına hazırlıq iclası keçirilib.

Qurumdan verilən məlumata görə, tədbirdə Gənclər və İdman Nazirliyi, federasiyanın nümayəndələri, məşqçilər və hakimlər iştirak ediblər.

Məlumat verilib ki, 5 dövrədən ibarət olan kişi həndbolçuların yarışında 21 tur keçiriləcək. Doqquz turu əhatə edəcək birinci mərhələdə komandalar yalnız bir dəfə bir-birləri ilə qarşılaşacaq. İkinci mərhələdə isə 1-ci - 4-cü yerləri tutacaq kollektivlər 4 dəfə üz-üzə gələcək. 5-ci - 9-cu yerlərin sahibləri isə bir ev və bir səfər matçında meydana çıxacaqlar.

Qadınların mübarizəsi 19 turdan ibarət olacaq və ilk mərhələdə 7 tur oynanılacaq. Komandalar bu mərhələdə yalnız bir dəfə bir-birlərinə rəqib olacaq. Kişilərin turnirində olduğu kimi burada da ilk 4 yerin sahibi 4 dəfə qarşılaşacaq. İlkin mərhələni 5-7-ci yerlərdə tamamlayan kollektivlər isə 2 dəfə üz-üzə gələcək. XXXI ölkə çempionatı oktyabrın 18-də start götürəcək.

İclasda yeni mövsümdə avrokuboklarda çıxış edəcək komandalar barədə də məlumat verilib. Bildirilib ki, kişilərin yarışında ölkəmizi “Kür” və “Bakı”, qadınların mübarizəsində “Qarabağ”, “Kür” və “Azəryol” təmsil edəcək.

Tədbirdə, həmçinin avqustun 28-dən sentyabrın 1-dək Bakıda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq həndbol turnirinin təşkil olunacağı qeyd edilib. Yarışda Azərbaycanın komandası ilə yanaşı bir neçə ölkə təmsilçisinin iştirakı gözlənilir.

İştirakçıları maraqlandıran suallara cavab verildikdən sonra ölkə çempionatının püşkatma mərasimi keçirilib.

Xatırladaq ki, yeni mövsümdə ölkə çempionatında kişilərdən ibarət 9, qadınlardan ibarət 7 komanda mübarizə aparacaq.



İdman