Cüdoçularımız 2 qızılla 2-ci yeri tutub
Azərbaycan Olimpiya komandası “Paris-2024”ün ilk həftəsində möhtəşəm qələbəyə imza ataraq 3 medal qazandı. Eyni idman növündə – ardıcıl olaraq 2 təmsilçimizin qızıl medal qazanması isə olimpiadalar tarixində ilk idi.
Bununla da, Azərbaycan cüdoçuları Paris Yay Olimpiya Oyunlarında tarix yazıblar. Bu, xalqımız üçün əsl cüdo bayramı oldu. Əvvəl Hidayət Heydərov (73 kq), daha sonra Zelim Katsoyevin (+100 kq) böyük ustalıq nümayiş etdirərək qızıl medal qazanmaları ölkəmizdə bu idman növünün inkişafının bariz nümunəsi idi. Kişilərdən ibarət komandanın digər üzvlərinin də medal qazanmaq üçün yetərincə potensialı var idi. Amma bu mötəbər turnir dörd ildən bir keçirilən ən nüfuzlu idman yarışlarıdır. Dünyanın 122 ölkəsindən ən güclü atletlərin iştirak etdikləri bu yarışda medal qazanmaq, nəinki hər idmançıya, ümumilikdə götürdükdə hər ölkəyə nəsib olmur. Azərbaycanı yalnız – cüdonun vətəni olan Yaponiya (3 qızıl, 1 gümüş, 3 bürünc) qabaqlaya bildi. İkinci yerdə 1 qızıl, 2 gümüş, 6 bürünc medalla ev sahibi Fransa qərarlaşdı. Eyni idman növündə 2 qızıl medala sahib olmaq isə idmançılarımızın xüsusi istedadı ilə bağlıdır.
Bəli, bu gün müstəqil Azərbaycan güclü cüdo məktəbi ilə fəxr edə, qürur duya bilər.
Boksda uğurlu Olimpiada seriyası davam edir
Azərbaycan boks yığması da uğurlu Olimpiada seriyasını davam etdirir. Yığmamızın üzvü Alfonso Dominqes (92 kq) 1/4 final çərçivəsində Aybek Oralbayı (Qazaxıstan) məğlub etməklə yarımfinala yüksəlib. O, bu nəticə ilə azı bürünc medalı təmin edib. Boksçumuz finala vəsiqə uğrunda Enmanuel Reyes Pla (İspaniya) ilə üz-üzə gələcək. Bu döyüş avqustun 4-də olacaq. Bununla da, rinq ustalarımız ardıcıl 7-ci Olimpiya Oyunlarında medal qazanacaqlar. Komandamız “Sidney-2000”dən başlayaraq bütün Olimpiadalarda medal əldə edib.
Onu da qeyd edək ki, kişilərdən ibarət boks yığmamız ardıcıl 7 Olimpiya Oyunlarında medal qazanan yeganə komandadır. Düzdür, kişi pəhləvanlarımız bütün olimpiadalarda mükafat qazanmağa nail olublar. Lakin Atlanta Olimpiadasında və Sidney Oyunlarında yunan-Roma, “Afina-2004”də sərbəst güləşçilərimiz fəxri kürsüyə yüksələ bilməyiblər. Bu yığmaların heç biri ardıcıl 7 Olimpiadada mükafat qazanmayıb.
Ötən olimpiadalarda boksçularımız 1-i gümüş, 8-i bürünc olmaqla 9 medal qazanıblar. İndiyədək qızıl medal əldə edə bilməyən komandamızın budəfəki hədəfi qızıl medaldır. Özü də, növbəti mükafat sayca 10-cu, yəni yubiley medalı olacaq.