“Paris-2024” Yay Olimpiya Oyunları çərçivəsində Sena çayında nəzərdə tutulmuş triatlon məşq və yarışlarının vaxtı 2 dəfə dəyişdirildi. Yağışların yağması və Sena çayı suyunun həddən ziyadə çirkli olması səbəbindən suyun keyfiyyəti Avropa direktivlərinə uyğun gəlmirdi.
Nəhayət iyulun 31-də baş tutmuş triatlon yarışlarından sonra kanadalı Tiler Mislavşukun 10 dəfə qusduğu bildirilir. Qeyd edilir ki, bu, suyun keyfiyyətinin aşağı səviyyədə olmasındandır.
AZƏRTAC xəbər verir ki, bu məlumat sosial şəbəkələrdə geniş yayılıb.
Senanın çirklənməsinin əsas səbəbləri çoxlu miqdarda mövcud olan tullantı sularıdır. Çirklənmə səviyyəsini qiymətləndirmək üçün kanalizasiya şirkətləri “Escherichia coli” və “Enterococci” bakteriyalarının mövcudluğunu yoxlayır. Suyun üzgüçülük üçün yararlı hesab edilməsi üçün Avropa direktivi ilə müəyyən edilmiş hədlərə riayət edilməlidir. İnsan mənşəli bu iki bakteriya suda nə qədər çox olarsa, tullantı suları ilə əlaqəli virusların riski bir o qədər çox olur.