Gizli finalın açıq məqamları

post-img

10-dan çox Avropa çempionatı turnirini izləmiş futbol azarkeşi kimi deyə bilərəm ki, bu Avro-2024, əksər futbol azarkeşləri kimi mənə də çox sönük təsir bağışladı. 1/4 final oyunlarına qədər biz super sensasiya görmədik. İsveçrənin İtaliyanı turnirdən kənarlaşdırması isə sadəcə ciddi futbol azarkeşi olmayanları heyrətləndirə bilərdi. Axı biz rəqiblərini qazona “yıxıb-sürüyən” bir komandanı belə görmədik. Heç “bundestim” deyəndə, stadionlarda qladiatorlar kimi meydan sulayan əsl alman futbol komandasının da şahidi olmadıq. Əlbəttə, bu turnirdə debüt edən Gürcüstan millisi çox emosional idi, lakin o da əsl futbol həyəcanı yaşatmadı. 

Ötən yazımızda da qeyd etmişdik ki, Avro-2024-ün 1/8 final mərhələsi­nin oyunları böyük sensasiyasız keçdi - yalnız qarşılaşmaların birində aşağı statuslu rəqib irəlilədi. Türkiyə millisi Avstriyanı mübarizədən kənarlaşdırdı. Əslində onun qrupdakı uğuru da bu Alp komandasının dərhal favoritlər sırasına düşməsinə imkan vermirdi. Gözlənil­məz nəticələrin olmaması o demək idi ki, gözlənildiyi kimi, səbətin sol yuxarı hissəsi aşağı sağ hissədən daha güclü çıxdı. Bir tərəfdə Almaniya, İspaniya, Fransa, Portuqaliya, digər tərəfdə isə İngiltərə, İsveçrə, Türkiyə, Hollandiya.

Əlbəttə, siz də deyəcəksiniz ki, sə­bətlərdə olan bərabərsizlik ədalətsiz püşkatma meyarlarına görə deyil. Əgər bütün potensial favoritlər öz qrupların­da birinci yeri tutsaydılar, Hollandiya turnirin gedişində Avstriyaya, İtaliya isə İsveçrəyə uduzmasaydı, 1/4 final cüt­lükləri aşağıdakı kimi görünə bilərdi:

Almaniya – İspaniya

Portuqaliya – Niderland

İngiltərə – İtaliya

Fransa – Belçika. 

Bu Avropa çempionatının diqqət çəkən xüsusiyyəti onun mənfi təsəvvür yaratmasıdır. İndi isə onlar elə bir mər­hələyə çatıblar ki, buradan turniri tərk etmək elə də utancverici sayılmayacaq. Amma onlar bura qədər elə tənbəllik­lə gəlib çatıblar ki, sanki yay tətilində düşərgəyə gələn məktəblilərə məcburi futbol yarışı təşkil ediblər. 

Əlbəttə, titullu böyük komandalar az da olsa, nüfuzlarına uyğun səviyyə göstərməyə səy göstərdilər və həyəcanlı anlar yaşatdılar. Amma bu yalnız Alma­niya və İspaniya ilə məhdudlaşdı. Onlar da iyulun 5-də cümə günü ¼ finalda qarşılaşdılar. Hərçənd bu iki milliyə də ciddi suallar var idi. Dünyanın fizi­ka qanunlarını belə dəf edən sədd kimi görünən “Bundestim” də, “Qırmızı furi­ya” da super qəhrəmanlara oxşamırlar. Bununla belə onlar bu mərhələdə qar­şılaşana qədər Avro-2024-ün ən məh­suldar, həm də top-komanda statusunu təsdiqləyən komandaları oldular. 

Dünənki dueli maraqlı edən məqam­lardan biri Almaniyanın 2020-ci ildə İspaniya tərəfindən tarixdə ən böyük hesablı məğlubiyyətə uğraması idi. Bu millətlər liqasında baş verib. O zaman almanlara qrupun birincisi kimi pley-of­fa çıxmaq üçün heç-heçə də bəs edirdi. Lakin Yoahim Lövün dəstəsi “Qırmızı furiya” 0:6 hesabı ilə məğlubiyyətə uğ­radı. Bunun Almaniyada hansı reaksiya doğurduğunu demək artıq olardı. Alman millisi hətta 5 top fərqi ilə sonuncu dəfə 1954-cü il Dünya çempionatında Maca­rıstana uduzmuşdu - 3:8. Burada isə 6 top fərqi ilə məğlub olmuşdu. Bir sözlə, hamı bu qarşılaşmada fırtına qopacağı­nı gözləyirdi. 

Əslində onların finalda qarşılaşma­sı, bu turnirin ən parlaq matçına çevrilə bilərdi. Mütəxəssislər bu komandaları dəyərləndirərkən, oyun keyfiyyətlərinə görə İspaniyanı daha üstün hesab edir­dilər. Almaniya isə bunu öz meydança­sı, azarkeşləri və motivasiyası ilə kom­pensasiya etməli idi, çünki son vaxtlar bu komandanın ünvanına tənqidlər çox səslənir. Bu, həlledici rol oynaya bilərdi, ancaq ispanlar daha güclü görünürdülər. 

İspaniya millisinin statusu heç bir halda onu böyük turnirlərin kəşflərindən biri hesab etməyə imkan vermir, lakin Avro-2024-də onun oyun tərzi olduqca xoş təəssürat yaradır. Eləcə də bu mər­hələyə qədər olan nəticələr: Xorvatiya­nın fasiləyə qədər nokautu, İtaliya üzə­rində tam üstünlük və pley-offa erkən çıxış. Deməzdim ki, bütün bunlar tam olaraq sensasiyadır, ancaq çempionat başlayanda buna çoxlu şübhələr var idi.

Əvvəla, onlar ən rəqabətli qrupa düşmüşdülər. Əlbəttə, Xorvatiya artıq əvvəlki Xorvatiya deyil və hər başa ça­tan il üçün ulduz nəslinin köçünü yaşa­maq getdikcə onun vəziyyətini çətinləş­dirir. İtaliya da zəif durumdadır və eyni problemləri yaşayır. Albaniya elə əvvəl­cədən autsayderliyə doğru getmişdir. Bu əlavə problemlər yaratsa da, lakin pley-off üçün mübarizəyə ciddi müdaxilə et­mədi. Fakt budur ki, İspaniya problemi iki raundda həll etdi. Bu komanda sta­tistikası və rəqəmləri ilə deyil, məşqçi­lik ideyaları, üslubu, oyun texnikası və onların həyata keçirilməsi ilə çoxlarını heyran qoydu.

Luis de la Fuente dünyanın top­məşqçilərindən biri deyil, lakin o, komandasından Avropa Çempionatı­nın favoritlərindən daha çox şey əldə etməyi bacardı. Müqayisə üçün qeyd edim: o, Qaret Sautqeytin komanda­sının potensialının yarısına belə sahib deyil. Ancaq İngiltərə Serbiya ilə 1:0 hesabından uzağa gedə bilmədi, Dani­marka ilə çox əziyyət çəkdi və heç su­per ulduzları meydanda düzgün yerləş­dirə bilmədi. Sizcə Qaretin sol cinah müdafiəçisi Fillipsin komandada olma­ması ilə bağlı şikayətləri ayıb deyilmi? İspaniya isə artıq ikinci rəqibini dar­madağın edir. Əgər fasiləyə qədər Xor­vatiyaya qarşı 3 qol çox görünürdüsə, İtaliyaya qarşı 1:0 Luciano Spalletti komandasının güvənə biləcəyi mütləq minimumdur. 

Topa nəzarət və onu itirdikdə dər­hal reaktiv mübarizə, aramsız pressinq, uzaq məsafədən zərbələr və final mər­hələsində sürətli oyun – elə görünürdü ki, de la Fuente bütün bunlar üçün elə ciddi resursa malik deyil. Çətin möv­sümdən sonra 32 yaşlı Karvaxalın, Səudiyyə Ərəbistanından Laportun heyətə çağırılması onlara xüsusi mü­nasibətdən irəli gəlməyib. Morata heç vaxt qol vuran super hücumçu olmayıb, 16 yaşlı Yamal və 21 yaşlı Uilyams və zədələrdən əziyyət çəkən Pedri qətiyyən belə bir turnirdə fərq yaratmalı olan fut­bolçular sayılmırdılar. Bütövlükdə isə Avro-2024, baş rollarda uşaq vunder­kindləri ilə eksperimentlərdən daha çox təcrübəyə güvənməkdən ibarət idi. 

Amma...İspaniyada hər şey alınır: 16 yaşlı Yamal oyundan bir gün əvvəl məktəbdə dərslərini bitirir, sonra isə Kalafori ilə DiMarkonu ustalıqla alda­dıb geridə qoyur. Uilyams Di Lorensonu məhv edir və topa hər toxunuşunun qəd­rini bilir. Rodri meydançanın ortasını “biçir”, Ruiz saatda 120 kilometr sürətlə uçan topu qapı çatının altından vurub Donnarummanın barmaqlarını yandırır. Qolkiper Simon isə turnirdə ən yaxşı çıxış edən komandalardan birinə qarşı oyunda işsiz qalır.

Təbii ki, bütün bunlar 1/4 final­da potensial uğursuzluqdan qoruyan amillər ola bilməzdi, lakin belə bir İs­paniyaya müqavimət göstərmək heç də asan olmayacaqdı. Hələ onu demirik ki, indiki Avropa çempionatında nəzəri olaraq bunu edə biləcək cəmi bir, ya iki komanda var.

Almanlar bütün göstəricilərə görə ispanlardan geri qalırlar. Yulian Nagels­mannın rəhbərlik etdiyi komanda üçün ev Avropa çempionatının 1/4 finalından sonra kənarda qalmaq əsl faciə və uğur­suzluq olardı. Amma neyləməli, İspani­ya futbolçuları bu qarşıdurmada favorit hesab olunurdular.

Naqelsmann X sosial şəbəkəsində rəqibini belə dəyərləndirirdi: “İspani­ya dərhal sürət yığmaq və topu ələ ke­çirmək üçün həmişə yüksək pressinq göstərməyə çalışır. Bu, onların əldə edə bildiyi yüksək keyfiyyətdir və bu, artıq sadəcə “tiki-taka” deyil. (Qeyd: ispan futbolunun “tiki-taka”sı qısa ötürmələrə əsaslanan və topla meydanın müxtə­lif sahələrində hərəkət etmək, eləcə də daim topa sahib olmaqdır). Bizim topa çox sahib olmaqla rəqibin müdafiəsinə müdaxilə etməyə çoxlu yanaşmalarımız var. Amma 90 dəqiqə ərzində bunu edə bilməyəcəyik. Hücum etmək və onla­rın həyatını çətinləşdirmək istədiyimiz məqamlar olacaq”. 

Komandanın kapitanı da meydanda necə bir komanda ilə mübarizə apara­caqlarını yaxşı bilirdi və ona görə me­diaya açıqlamasında deyirdi: “Sabahkı oyunu səbirsizliklə gözləyirik - bu, çox çətin matç olacaq, lakin bu oyuna qey­ri-müəyyənliklə girmək üçün heç bir səbəb yoxdur. Bu qarşılaşma “ya ol, ya da öl” oyunu olacaq. Əgər insanlar qar­şılaşacaq millilərin turnirin ən yaxşı iki komandası olduğunu deyirlərsə, bu, çox şeyi düzgün etdiyimizi göstərir.

Rekordlara baxsaq, yaxın keçmişdə onlar bizdən daha yaxşı olublar. Bu, bir faktdır. Bu gün biz bunu dəyişmək istə­yirik”.

Bütün bunlara görə Almaniya ilə İspaniya komandalar arasındakı qar­şılaşma, bu mərhələyə qədər nümayiş etdirdikləri futbolun keyfiyyətinə görə, gizli final oldu. Yüksək ehtimalla qalib Avropa çempionu olacaqdır. Turnir ta­rixində bəlkə də ilk dəfədir ki, iki əsas iddiaçı bu qədər erkən qarşılaşır.

Onu da xatırladaq ki, sonuncu dəfə Almaniya İspaniya ilə Qətərdə keçirilən 2022-ci il Dünya çempionatının qrup mərhələsində qarşılaşıb və həmin oyun 1:1 hesabı ilə nəticələnib. 

Beləliklə, “Mersedes-Bens Arena” stadionunda keçirilən İspaniya-Alma­niya matçının idarə edən baş hakim in­giltərəli FİFA referisi Entoni Teylor start fitini sələndirdi.

Matç həqiqətən finala bərabər səviy­yədə keçdi. İlk dəqiqələrdən İspaniya millisi özünün texniki ustalığı ilə alman maşınına gərgin dəqiqələr yaşatmağı bacardı. Almanlar da borclu qalmırdılar. Buna baxmayaraq, ilk hissədə koman­dalar qapılara top vura bilmədilər. 

İkinci hissə də ispanların qol istək­lərinin daha güclü olması ilə diqqət çəkirdi. Matçın ilk hissəsinin 4-cü dəqiqəsində zədələnmiş Pedrini əvəz edən Dani Olmo daha baxımlı oyun nü­mayiş etdirirdi. Elə Almaniyanın "RB Leipzig" klubunun bu yarımmüdafiəçisi 51-ci dəqiqədə cinah yarımmüdafiəçisi Lamin Yamalın ötürməsi ilə hesabı açdı 1-0. Amma ispanlar əsas vaxtda bu he­sabı qoruyub saxlaya bilmədilər. 

Oyunun qalan vaxtında turnirin ev sahibləri kəskin əks-hücumlar edərək fərqi azaltmağa çalışsalar da, son mər­hələdə ya bəxtləri gətirmir, ya da ispan­lar fədakarcasına qapılarının qapşısında sipərə çevrilirdilər. Lakin bu fədakarlıq çox çəkmədi. 89-cu dəqiqədə almaniyalı yarımmüdafiəçi Florian Virts Kimmixin ötürməsini güclü zərbə ilə qola çevirib hesabı bərabərləşdirdi.

Beləliklə, matçın əsas vaxtı heç-heçə başa çatdı. Komandalar hər biri 15 dəqiqədən ibarət daha iki əlavə his­sə oynamalı oldular. Oyunun 108-ci dəqiqəsində top cərimə meydançasında olan ispaniyalı cinah müdafiəçisi Mark Kukurellanın əlinə dəydi. Hakim oyunu tez dayandırsa da, yoxlama çox çəkmə­di. VAR burda penaltinin olmadığı qəra­rında idi. Penalti təyin olunmadı.

Nəhayət, oyunun əlavə vaxtının ikinci hissəsinin başa çatmasına sa­niyələr qalmış İspaniya millisi hesab­da yenidən irəli çıxdı. De la Fuentanın oyunun əsas vaxtının 80-ci dəqiqəsin­də meydana çıxardığı Mikel Merino Dani Olmanın 119-cu dəqiqədə qapıçı meydançasına ideal ötürməsini başı ilə Noyerin qapısından keçirdi. İngiltərəli hakim sanki 11 metrlik zərbə təyin et­mədiyi üçün almanlar qarşısında özü­nü sığortalayırmış kimi, oyuna daha 3 dəqiqə əlavə etdi. Amma bu 3 dəqiqə 6 dəqiqə oldu. 

Elə bu artırılmış dəqiqələrdə İspa­niya millisinin müdafiəçisi Dani Kar­vaxal almanların sağ kənar hücumçusu Musialanı kobudluqla tutub saxladı və qarşısında dərhal sarı vərəqə gördü. Bu onun oyunda ikinci sarı vərəqəsi olduğunda, həmin andaca Entoni Tey­lor cibindən qırmızı vərəqəni çıxarıb Karvaxalın meydanı tərk etməsinə işarə etdi. İspaniyalı müdafiəçi Avropa çempionatının yarımfinalında oynama­yacaq. Amma bu, heç nəyi dəyişmir­di, İspaniya millisi Avro-2024-ün ev sahiblərini bundan sonra keçiriləcək qarşılaşmaları tamaşaçı kimi izləməyə yola saldı. İndi Portuqaliya-Fransa cü­tünün qalibi ilə yarımfinalda “Bundes­tim” yox, “Qırmızı roho” oynayacaq. İspaniya millisi son 5 Avropa çempi­onatında dördüncü dəfə çıxış etdiyi dörddəbir finalda qalib gələrək yarım­finala vəsiqəni təmin etdi. 

Fransa millisi ilə Portuqaliya yığ­ması arasında keçirilən görüş günün növbəti matçı oldu. Etiraf edək ki, nə Portuqaliya, nə də Fransa indiyədək UEFA Avro-2024-də yaxşı çıxış etmə­yiblər, lakin qarşıdakı matç hər iki ko­mandaya öz ambisiyalarını təsdiqləmək və nəyə qabil olduqlarını ortaya qoy­mağa şans verirdi. Meydanda çoxlu ul­duz futbolçular vardı, lakin əsas diqqət Kriştiano Ronaldo və Kilian Mbappeyə yönəlmişdi. Əvvəlcədən rəylər belə idi ki, bu matçda müdafiə oyunu hər iki məşqçinin əsas seçimi olacaq.

Portuqaliya millisinin qapıçısı Di­oqo Kosta penaltilər seriyasında üç “seyv” edərək, Sloveniya ilə matçın əsl qəhrəmanı olub. Fransa millisi isə dörd görüşdə bir dəfə qol buraxmayıb və xüsusilə Jül Kunde və Villiam Saliba öz oyunları ilə pərəstişkarlarını heyran qoya biliblər. Kimin qalib gəlib gə­lib yoluna davam edəcəyi Hamburqda müəyyənləşirdi. 

Səhifəni hazırladı:
İlqar RÜSTƏMOV
XQ



İdman