Avrofutbol – 2024
Futbol üzrə Avropa çempionatı keçirilməyə başlandığı 1960-cı ildən bu günə qədər formatını çox dəyişib. İndi bu, ilk turnirin keçirildiyi və ilk qalibinin keçmiş SSRİ milli komandasının olduğu yarışma deyil. O zaman birbaşa yarımfinal oyunlarının keçirildiyi Fransaya cəmi dörd komanda gəlmişdi. İlk üç Avropa çempionatında heç-heçə olduğu halda, qalibi müəyyənləşdirmək üçün penalti seriyası belə yox idi və qalib püşkatma yolu ilə müəyyən edilirdi. Yalnız 1968-ci ildə İtaliya və SSRİ milli komandaları arasında keçirilən oyunda qalmaqal baş verəndən sonra qaydaları dəyişməyə başladılar.
1980-ci ildən artıq bu mötəbər futbol turnirinin final mərhələsinə 8 komanda yüksəldi. Avropa çempionatında qalibi müəyyənləşdirmək üçün 1996-cı ildə 16, 2016-cı ildə isə 24 komanda finala vəsiqə almağa başladı. Beləcə, turnir tam hüquqlu elitar çempionata çevrildi. “Yaxşı”ların mübarizəsində pley-offa yüksəlmək daha asan oldu. Bunun üçün sadəcə 8 “ən pis” komanda arasında olmamaq kifayət edirdi.
Bütün bunların məğzi ondan ibarətdir ki, Avropa çempionatının indiki formatı sonradan islah edilə bilən bir sıra səhvlərə şans verir. Məsələn, 2016-cı ildə Portuqaliya qrup mərhələsində uğursuz çıxış edərək Macarıstan və İslandiyaya uduzdu və yalnız üç xal topladı, lakin sonda bu turnirin kubokuna sahib oldu. Yeri gəlmişkən, həmin Avro-2016-da heç bir komanda qrupda mümkün olan maksimum 9 xalı toplaya bilməyib. 2020-ci il Avropa çempionatında Danimarka yalnız Rusiya üzərində qələbə qazanaraq cəmi üç xalla yarımfinala yüksəldi, lakin əlavə vaxtda şübhəli penaltidən sonra İngiltərəyə uduzdu. Həmin turnirdə İsveçrə millisi də üçüncü yerdən pley-offa çıxdı. 1/8-də Fransanı mübarizədən kənarlaşdırsa da, ¼-də ispanlara penaltilər seriyasında uduzub yarımfinala vəsiqə qazana bilmədi.
Ümumiyyətlə, Avropa futbol çempionatı elə gözlənilməz və bəzən məntiqsiz turnirdir ki, qrup mərhələsindən sonra dəqiq nəticələr çıxarmağın o qədər də mənası olmur. Son iki həftədə kimin daha güclü göründüyü və kimin yollarını təsadüfi olaraq davam etdirdiyi barədə danışmağa heç bir lüzum yoxdur. Qarşıda son dərəcə gərgin mübarizə və bəlkə də çox acı sonluq ola bilər.
Qrup mərhələsi göstərdi ki, 1/8 final cütlərinin hər hansı birində də sensasiya baş verə bilər. Axı kim deyə bilərdi ki, Avro-2024-ə tarixində ilk dəfə vəsiqə qazanan Gürcüstan Portuqaliya millisini məğlub edib turnirin super sensasiyasına imza atacaq?
İndi, təbii olaraq hamı belə düşünür ki, İspaniya Gürcüstana “yerini” göstərməyə borcludur. Lakin Villi Sanolyanın yetirmələri artıq bir neçə dəfə avtoritetdən qorxmadıqlarını göstərdilər. Onlar özlərini necə müdafiə etməyi, qısa və orta ötürmələrlə hücuma keçməyi nümayiş etdirə biliblər.
Ümumiyyətlə, Avro–2024 1/8 mərhələsinin səbətlərinin sol tərəfi pələnglərin olduğu çəmənliyi xatırladır. Bu səbətdə 1/8 mərhələdə Fransa və Belçika komandaları qarşılaşacaq. Bu, azarkeşlər üçün super bir afişadır! Digər cütlərdə də aşkar favoritlər var, amma 1/4 finalda sensasiya olmasa, “sevimli” sözü əsla unudula bilər. Mütəxəssislər belə güman edirlər ki, 1/4 finalda İspaniya - Almaniya və Portuqaliya - Fransa cütlərini görmək daha realdır. Belə olan halda hansı proqnozdan söhbət gedə bilər? Təhlillər deməyə əsas verir ki, turnirdə qələbəyə əsas iddiaçılar pley-off turunun finiş mərhələsində hər şeyi həll edəcəklər.
Nəzəri cəhətdən, burada hər şey bir neçə sensasiyadan sonra qarışa bilər. 2020-ci il Avropa çempionatında qrup mərhələsində heç kimin xüsusi fərqləndirmədiyi Danimarka yarımfinala yüksəldi. İndi həmin uğuru təkrarlamaq çox çətin olacaq, lakin hazırkı Almaniya komandası tamamilə məğlubedilməz rəqib kimi görünmür. Doğrudur, Almaniya qrupda çox yaxşı rəqiblərlə qarşılaşdı, lakin pley-off-un ilk mərhələsində danimarkalılar böyük təcrübələri ilə Avro-2024-ə ev sahibliyi edənlər üçün problem yaratmağa qadirdirlər.
Portuqaliya və Sloveniya millilərinə gəldikdə isə, onlar müxtəlif “çəki dərəcələrində” olan komandalardır, lakin ulduz komandadan fərqli olaraq, autsayder yenilməz qapıçı Oblak və perspektivli hücumçu Şeşkonu meydana çıxara bilər. Yenə də, çox şey fovaritin həmin gün nə qədər yaxşı oynamasından asılı olacaq.
Fransa və Belçika - əla Mərkəzi Avropa derbisidir. Qrizmann və De Bruyne, Mbappe və Lukaku arasında qarşıdurma möhtəşəm tamaşa vəd edir. Fransızların problemlərlə üzləşə biləcəyini də hesabdan silmək olmaz. Təbii ki, “üçrəngli xoruzlar” favoritdirlər. Əsas ulduzun maskalı qayıdışı, əlbəttə ki, yaxşıdır, lakin Deşamın komandası hələ də şansları reallaşdırmaqda problem yaşayır və nə Mbappe, nə Jiru və Turam mərkəz hücumçu mövqeyində inandırıcı görünür. Didye Deşamın komandası təkbaşına topu rəqib qapısına daxil etməkdə ciddi problemlər yaşayır. Real olaraq hələ də Fransa millisi birbaşa oyunlarda bir dənə də olsun qol vura bilməyib. Lakin “qırmızı şeytanlar” böyük turnirlərdə böyük təcrübəyə malikdirlər.
Belçika qrupda elə böyük təsir bağışlamasa da, ayrı-ayrı mövqelərdə, xüsusən də hücumda, kifayət qədər usta oyun nümayiş etdirib, bir-iki şansdan yararlanmağa və hesaba oynamağa müvəffəq olub. Düzdür, indiki mərhələdə kimsə ya Lukakudan lənəti götürməlidir, ya da heç olmasa onu ehtiyatda saxlamalıdır.
Bir sözlə, səbətlərin sol tərəfində bizi sözün əsl mənasında gözlənilməz süjetli “pop blokbasterlər”i gözləyir. Bəs sağda hansı sürprizlər futbol azarkeşlərinin əsəblərini tarıma çəkəcək?
Burada hər şey bir növ çox asimmetrikdir. İlk baxışdan elə görünə bilər ki, burada da kifayət qədər güclü komandalar var. İtaliya hazırkı Avropa çempionudur, Avstriya turnirin yeni üzə çıxan komandasıdır, Hollandiya böyük ənənələrə malik komandadır, İngiltərə inanılmaz potensiala malik yığmadır.
Amma gəlin buna digər tərəfdən baxaq. Aydın gördük ki, İtaliya həm İspaniya, həm də Xorvatiya ilə görüşlərdə açıq şəkildə uğursuzluğa düçar olaraq son anda pley-off-a yüksəldi. Donnarumma bu komandanı neçə dəfə xilas edib? Dəfələrlə. Bu komanda neçə qol vəziyyətləri yaradıb? Çox az. Heyətdə çempion İtaliyadan demək olar ki, heç kim qalmayıb. Bu mənada 1/8-də güclü, təcrübəli İsveçrəni məğlub etməyin mümkün olacağı reallıqdan uzaq görünür.
Rumıniya və Hollandiya qarşılaşmasında favorit aşkardır, lakin “narıncılar” hələ “canavarlardan biri” kimi təəssürat yaratmırlar. Şərqi avropalıların özünəgüvəni üçün xüsusi qol silahı yoxdur, amma hollandlar bu Avropa birinciliyi mübarizəsində asanlıqla özlərinə problem yarada bilərlər.
Hollandiya millisinin İtaliya millisi kimi anolji problemi var. Rəqibləri qorxudan milli komandanın ancaq adı var, amma bunun arxasında meqa-təhlükəli heç nə yoxdur. Müdafiə müntəzəm olaraq sıradan çıxan Van Dijklə belə uğursuz olur və hücumda qalanlara rəhbərlik edəcək lider ulduz yoxdur. Depay və Veqhorst ustadırlar, lakin yüksək səviyyəli deyillər. Gakpo, Frimpong və Simons istedadlıdırlar, lakin hələ də matçın gedişatını dəyişdirmək iqtidarında deyillər. Əlbəttə, Rumıniya ilə ola bilsin ki, çətinlik yaranmasın, amma sonra hər şey ola bilər - finala yüksəlməkdən tutmuş, biabırçılıqla turniri tərk etməyə qədər.
Avstriya və Türkiyə isə ustalıq səviyyəsinə görə təxminən bərabər hesab edilirlər. Lakin Ralf Ranqnikin komandası yaxşı təşkilatçılıq baxımından daha böyük üstünlüyə malikdir. Avstriya millisi mütəxəssisləri heyrətləndirən “qara ata” bənzəyir. Onlar qrupda əla təsir bağışladılar və qeyri-sabit Türkiyə millisini məğlub edəcəkləri ehtimalı çox yüksəkdir. Alp komandası çoxları tərəfindən çox yüksəklərə qalxa bilən komanda hesab olunur. Turnir cədvəli də buna öz töhfəsini verir.
Təbii ki, heç kim Ranqnikdən komandasının turnirin qalibi olacağını gözləmir. Etiraf edək ki, onlar 1/4 finalda hollandlarla rəqabət aparmağa daha şanslı və layiqli görünürlər. Çünki onlar qrupda narıncılara artıq qalib gəliblər.
İngiltərə millisinə gəldikdə isə, Sautqeytin yetirmələri bəlkə də mövcud vəziyyətdən faydalanan əsas komandadır. Qrup mərhələsində “üç aslan”ın ən azı bir matçını görənlər, bu komandanın azarkeşlərinə ancaq təsəlli verə bilərlər. Buna baxmayaraq, Sautqeyt indi komandasının oyun tərzi ilə bağlı epitetlərə əhəmiyyət vermir. Onun əsas məramı turnirin kubokunu qazanmaq və böyük turnirlərin ingilis lənətinə son qoymaqdır. Strategiya uzun illərdir dəyişməyib - Qaret bunu mümkün olan ən ehtiyatlı və təhlükəsiz şəkildə etməyi planlaşdırır. İngilislər lazım olduqda ustalıq səviyyələrindən istifadə etməyi öyrəniblər. Pley-offda özlərinin düşdükləri səbətdə rəqiblərin bir hissəsi bu yanaşmanı mümkün qədər həvəsləndirir.
İngiltərə qrupda Sloveniya və Serbiya ilə “əziyyət”dən sonra başqa bir slavyan komandası ilə oynamalı olacaq. Slovakiya uğursuz Lukaku ilə Belçika üzərində yaddaqalan qələbə qazansa da, ümumilikdə, sürpriz yaratmağa qadir komanda kimi görünmür. Böyük ehtimalla, ingilis millisi bu mərhələdə slovaklarla qarşılaşmada çətinlik çəkmədən qalib gələcək və 1/4 finalda həm İsveçrə, həm də İtaliya ilə oyun onlar üçün çətin olmayacaq. Yarımfinalda da həmçinin Hollandiyadan güclü komanda ilə qarşılaşmayacaqlar. Amma Berlindəki həlledici qarşılaşma tamam başqa hekayə olacaq.
Beləliklə, dünən Avro-2024-ün ən maraqlı hissəsinə start verildi. Hər matçın öz “intriqa”sı olacağı sözsüzdür. Güman ki, pley-offda səbətlərin müxtəlif tərəflərində köklü şəkildə fərqli yanaşmalar görəcəyik. Almaniyanın hansı, Gürcüstanın hansı yerlərdə olmasının əsla fərqi yoxdur. İngiltərənin hansı üslubda oynamasının və Fransanın neçə qol vurmasının da əhəmiyyəti olmayacaq. Bu mərhələdə artıq səhvə yer qalmayacaq. Səhv buraxan turniri tərk edəcək.
Dünən Bakı vaxtı ilə saat 20:00-da başlayan İsveçrə İtaliya qarşılaşmasında appeninlilər də, isveçrəlilər də bunu yaxşı bilirdilər. İsveçrə İtaliya ilə matçda autsayder hesab edilirdi. Əlbəttə, qrup mərhələsindən sonra bu, yalnız kağız üzərində belə idi. Apenninlilər Donnarumma üçün dua etməyə davam edərkən, isveçrəlilər sensasiya yaratmağa can atırdılar. İndi güclü müdafiəsi və ön tərəfdə aydın sürətli hücumu olmayan komandaya qalib gəlmək, deyəsən, onlara daha real görünürdü. Əzəli İtaliya müdafiəsi çat verməkdə idi. Luçano Spaletti gənc Murat Yakının komandasına necə qalib gələcəyini 100 ölçsə də, deyəsən, isveçrəlilərin inadı qarşısında tab gətirməyəcəkdi.
Dünən pley-offun ilk sensasiyası baş verdi. A qrupunda 2 heç-heçə, 1 qələbə ilə Almaniyadan sonra ikinci olan Murat Yakının əzmkar yetirmələri 1/8 finalda hazırkı Avropa çempionu İtaliya millisini 2:0 hesabı ilə acı məğlubiyyətə uğratdı. Donnaruma bu dəfə Luçano Spalettinin komandasını biabırçılıqdan qurtara bilmədi. Beləliklə, İsveçrə Avro–2024-ün 1/4 finalına vəsiqə alan ilk komanda oldu.
Səhifəni hazırladı:
İlqar RÜSTƏMOV
XQ