Futbol üzrə Avropa çempionatı 2024-ün qrup mərhələsindən sonrakı 2 günlük fasilə dünən başa çatıb. İyunun 29-da futbol həyəcanı yenidən azarkeşləri öz sehrinə salıb. Amma arxada qalan vaxt ərzində Almaniyadan gələn maraqlı xəbərlərin də ardı-arası kəsilməyib.
Afərin, Gürcüstan!
Gürcüstan millisi təkcə Avropa çempionatına vəsiqə qazanmaqla deyil, elə ilk avroda pley-offa yüksəlməklə tarix yazdı. Amma bu, son nailiyyət deyil.
Qonşularımız üçüncü raundda Portuqaliyaya 2:0 hesabı ilə qalib gələrək, nəinki super sensasiya yaratdılar, həm də turnirin tarixi rekorduna imza atdılar: FİFA reytinqində 74-cü pillədə yer alan komanda altıncı yeri tutan komandanı məğlub etdi. Portuqaliya ilə Gürcüstan arasında 68 pillə fərq var! Bu, əvvəllər heç vaxt olmayıb.
Üçüncü yerdən 1/8 finala vəsiqə qazanan millinin uğurunu ölkə bütün gecə qeyd edib. Gürcüstan millisinin lideri Xviça Kvaratsxeliya sevincini gizlətməyərək deyib: “Bu, gürcü futbolsevərlərinin həyatında ən gözəl gündür. Biz tarix yaratdıq - bunu edəcəyimizə heç kim inanmırdı. Heç kim Portuqaliyaya qalib gələ biləcəyimizə inanmırdı, amma biz bunu sübut etdik”.
Serbiyada futbol istefası
Serbiya millisi Avro-2024-də, həqiqətən, uğursuz çıxış etdi. Üç matçda iki heç-heçə, bir məğlubiyyət...və cəmi bir qol vurulub. Ona görə də Draqan Stoykoviçin komandası C qrupunda dördüncü yeri tutdu.
Əlbəttə, bu acı nəticə, sadəcə, Serbiya futbol məmurlarına təsirsiz ötüşə bilməzdi. Dəyişiklik lap yuxarıdan başladı. Serbiya Futbol İttifaqının vitse-prezidenti Branislav Nedimoviç və baş katib Yovan Surbatoviç milli komanda evə dönməmiş istefa verdilər. Gözlənilir ki, millinin baş məşqçisi Stoykoviç də vəzifəsini itirsin.
Makkelinin sonu...
41 yaşlı hollandiyalı referi Danni Makkelinin Avro-2024-ün qrup mərhələsindən sonra bu turnirdəki matçlarda daha işləməyəcəyi barədə xəbər yayılıb.
Hollandiyanın bir neçə KİV-i bildirir ki, Makkeli 2024-cü il Avropa çempionatının qrup mərhələsinin iki oyununda çalışıb: Almaniya – Macarıstan (2:0) və İtaliya – Xorvatiya (1:1). İtaliya və Xorvatiya arasında keçirilən 3-cü tur matçından sonra bəzi azarkeşlərdə Makkelinin oyunun əsas vaxtına 8 dəqiqə əlavə etməsinin “məqsədəuyğunluğu” ilə bağlı suallar yaranıb.
Oyundan sonra “Xorvatiya Futbol İttifaqı rəsmən şikayət edib. Onunla UEFA prezidenti Çeferin arasındakı “münasibət”, görünür, hakimlər komitəsinin qərarına təsir edib”. Nəticədə, Makkeli evə göndərilib.
İlqar RÜSTƏMOV
XQ