Dünyanın ən ali beynəlxalq qurumu olan Birləşmiş Millətlər Təşkilatı (BMT) hər yerdə sevinclə qarşılanan təşəbbüs göstərmişdir. Bu gün planetin ən ucqar kənd və qəsəbələrindən tutmuş nəhəng şəhərlərədək hər yerdə ən çox işlədilən söz, bəlkə də, futbol olacaq. Elə “Xalq qəzeti” də səhərin gözü açılmamış 25 mayın Ümumdünya Futbol Günü olduğunu bir daha hörmətli oxucularına xatırladıb, milyonlarla insanı həyəcanlandıran, sevindirən, birləşdirən bu ecazkar oyun haqqında ona rəğbət hissi ilə söhbət açır.
Görünür, taleyin Azərbaycan futboluna bir töhfəsidir ki, BMT-nin elan etdiyi gün həm də Beynəlxalq Futbol Federasiyasının (FİFA) hakimlər korpusunun respublikamızda Tofiq Bəhramovdan sonra ikinci səlahiyyətli nümayəndəsi olmuş Eldar Əzimzadənin doğum gününə təsadüf edir. Yaşasaydı, bir vaxtlar bu gözəl oyundan aldığı böyük zövqü özünün “Məhəbbətim mənim—futbol” kitabında tam səmimiyyətlə təsvir etmiş Eldar müəllim bu gün 90 yaşını qeyd edəcəkdi…
Futbolun qəlbləri riqqətə gətirməsi, xoş mərama xidmət etməsi, bununla da dünyaya layiqli töhfə verməsi heç kimə sirr deyil. Planet əhalisinin böyük hissəsinin biganə qalmadığı bu çox sevimli oyun xalqların bir-birinə yaxınlaşmasında və onlar arasında dostluq əlaqələrinin möhkəmlənməsində, qarşılıqlı anlaşmanın, əmin-amanlığın qorunmasında mühüm vasitədir. Məhz buna görə də idmanın şahı adlandırılan futbol hamının sevimlisidir. İnsanların öz komandalarının oyunlarını izləmək üçün, bəlkə də, aylarla yığdıqları vəsaitə heyfslənmədən bəzən dünyanın bir başından o biri başına getmələri təsadüfi deyil. Onlar belə səfərlər zamanı özlərini futbol deyilən sehrli bir aləmdə xoşbəxt sanırlar.
İndi futbolun qüdrətini, onun nəyə qadir olduğunu bilməyən yoxdur. Prezidentlər, baş nazirlər, krallar, parlament rəhbərləri, sərkərdələr, generallar da istisna deyil.
Mən 1986-cı ildə o zaman Azərbaycan Dövlət İdman Komitəsində futbol şöbəsinin müdiri vəzifəsində çalışan Rauf Adıgözəlovla birlikdə sovet jurnalistləri və mütəxəssisləri qrupunda Meksikada dünya çempionatı oyunlarını izləmək imkanı qazanmışdım. Mundialın necə parlaq bayrama çevrildiyinin əyani şəkildə, birbaşa hadisə yerində şahidi olduq.
Çempionat günlərində Meksika qəzetləri ölkənin ovaxtkı prezidenti Migel de la Madridin tez-tez ailə üzvləri ilə birlikdə Mexikonun fəxri sayılan əzəmətli “Asteka” stadionunun hökumət tribunasında göründüyünü, Braziliya parlamentinin oyunlardan birini televizorda izləmək üçün öz iclasını 3 saat təxirə saldığını, Mərakeş futbolçularının Portuqaliya millisi üzərində gözlənilməz və inamlı qələbəsindən (3:0) sonra Mərakeş Kralı Il Həsənin gecəyarısı paytaxt Rabatdan uzaq Qvadalaxara şəhərinə zəng vurub komandasını təbrik etdiyini diqqətə çatdırmışdı.
Leon şəhərində qollarla zəngin SSRİ—Belçika səkkizdəbir final görüşündə (3:4) sovet komandasından hər üç topu Kiyev dinamoçusu İqor Belanovun vurduğu da yadımdadır.
Tribunadan izlədiyimiz digər oyunlar sırasında Puebla şəhərində əfsanəvi Diyeqo Maradonanın komandası Argentinanın Uruqvay ilə prinsipial görüşü də (1:0) çox gərgin keçdi. Çempionatın bağlanış mərasimində Dünya Kuboku da elə Maradonanın və onun dostlarının, bütün Argentinanın üzünə güldü.
Mexico—86-dan bir il əvvəl bu ölkənin gənclərdən ibarət yığma komandasını Bakıda, Respublika stadionunda gördüyümüz günlər də xatirələrdən silinməyib. FİFA 1985-ci ildə gənclər komandalarının dünya çempionatının təşkilini SSRİ-yə həvalə etmişdi. İlkin mərhələdə qruplarda oyunlar ölkənin bir neçə şəhəri ilə yanaşı, Bakıda və Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçirilirdi. Bizim qrupa Meksika, Çin, Paraqvay və İngiltərə komandaları daxil idi. Qrupun qalibi hər üç rəqibini məğlubiyyətə uğradan Meksika oldu.
Açılış mərasimində FİFA-nın həmin illərdə prezidenti Joao Avelanjın da iştirak etdiyi Bakı turnirini ona görə xüsusi qeyd edirəm ki, futbol xeyrxahlığı sevir. Meksika komandasının oyunlardan birində meydana üzərində rus dilində yazılmış və təşkilatçılara, azarkeşlərə qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən “Spasibo, Baku!” lövhəsi ilə çıxması da rəğbət doğuran addım idi.
Ümumdünya Futbol Günündə Azərbaycan futbolunun qürur mənbəyi Ağdamın “Qarabağ” komandasının ötən payızda, builki erkən baharda bütün ölkəyə yaşatdığı gözəl günləri bir daha böyük razılıq hissi ilə xatırlayaq. Qurban Qurbanovun futbolçularının “Braqa” (Portuqaliya) və “Bayer”ə (Almaniya) qarşı keçirdiyi görüşlər unudulası oyunlar deyil. Tezliklə komanda yenə avrokuboklar meydanına çıxacaq. Təbii ki, əsas məqsəd Çempionlar Liqasında mümkün qədər uzağa getmək olacaq.
Azərbaycan çempionundan növbəti nailiyyət gözləyənləri başa düşmək olar. Çünki artıq elə bilirik ki, bir həftə əvvəl Bundesliqada məğlubiyyətsiz çempion olmaqla tarix yazan “Bayer” kimi, “Qarabağ” da evdə və ya səfərdə oynamasından asılı olmayaraq həmişə uğurlu nəticə göstərməlidir. Bunun özü qürurverici inamdır.
Misli Premyer Liqasında son turun Ümumdünya Futbol Günü ilə eyni vaxta təsadüf etməsi də maraq doğuran faktdır. Finiş ərəfəsində olan milli çempionatımızın vida turundan sonra Avroliqa və Konfrans Liqasında mübarizə aparacaq klublarımız da qəti məlum olacaq.
Yeni mövsümdə beynəlxalq meydanda mübarizəyə qoşulacaq kollektivlərə, eləcə də, uğurları həsrətində olduğumuz, amma qələbələrinə heç vaxt ümidimizi itirmədiyimiz milli komandaya, ölkənin bütün futbol həvəskarlarına Azərbaycan təmsilçilərinin ifasında məzmunlu və məhsuldar futbol arzulayırıq.
Bu arada iyunun 14-də Almaniya stadionlarında başlayıb, düz bir ay gecə və gündüz dünyanın diqqət mərkəzində olacaq növbəti Avropa çempionatının startı ərəfəsinə gəlib çatmışıq. Bizim azarkeşlər, həmişəki kimi, yenə qardaş Türkiyə millisinin oyunlarını daha böyük həyəcanla izləyəcəklər.
Növbəti, 2028-ci il qitə çempionatında Azərbaycan komandasını da görmək arzusu ilə.
Hələlik isə, günün mübarək, əlahəzrət futbol!
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist