Cüdoçularımızdan Paris Olimpiya zirvəsinə yüksəlməyi gözləyirik
Azərbaycan cüdo komandası daha bir möhtəşəm qələbəyə imza atdı. İlk dəfə dünya çempionatında 2 təmsilçimiz qızıl medal əldə etdi. Bu mühüm nailiyyət dördilliyin ən mötəbər idman hadisəsi olan Paris Olimpiadası ərəfəsində qazanıldığı üçün daha qiymətlidir. Bununla da, Azərbaycan komandası Paris Yay Olimpiya Oyunlarında yalnız geniş heyəti ilə yox, həm də çox güclü yığma kimi diqqət mərkəzində olacaq.
İlk dəfə 2011-ci ildə Azərbaycan cüdoçusu Elxan Məmmədov dünya çempionatının qalibi olduqdan sonra, bu nailiyyəti təkrarlayan olmamışdı. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında komandamızın üzvləri Hidayət Heydərovdan (73 kq) sonra Zelim Kotsoyevin (100 kq) də yarışın ali mükafatını qazanması son illər bu idman növü üzrə yığmamızın potensialının daha da yüksəlməsinin göstəricisidir.
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli qəzetimizə açıqlamasında qeyd etdi ki, Dünya çempionatında əldə edilən bu nailiyyət Azərbaycan idmanının parlaq uğurudur:
– Bu böyük qələbəni illərdir gözləmişik. Bu, tək cüdonun deyil, Azərbaycan idmanının şərəf kitabına yazıldı. Xoşbəxtik ki, ölkəmizdə idmana dövlət tərəfindən belə böyük qayğı var. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın idmana, idmançılarımıza diqqəti bizim üçün böyük dəstəkdir. Bu ciddi nailiyyətin əldə edilməsində Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Cüdo Federasiyası, eləcə də məşqçilər, həkimlər korpusunun, bizə dəstək olan hər bir kəsin böyük əməyi var.
Olimpiya çempionu daha sonra bildirdi ki, uzun illər dünya çempionatlarında cüdoçular mükafatçılar sırasında yer alsalar da, qızıl medal qazana bilməyiblər. Təsəvvür edin, 11 ildən sonra 2 cüdoçumuz bu çətin maneəni aşdı, zirvəyə yüksəldi. Həm Hidayət Heydərov, həm də Zelim Kotsoyev öz çəkilərində Olimpiya reytinqində liderdirlər. Hər 2 idmançıdan Olimpiya çempionluğunu da gözləyirik.
Elnur Məmmədli, ümumiyyətlə, Azərbaycan cüdo komandasında son illər güclü potensialı olan çoxlu idmançıların yetişdiyini bildirdi. O qeyd etdi ki, Dünya çempionatında, əslində, onların hər biri mükafat qazanmağa layiq idi:
– Dünya çempionatında, ümumiyyətlə, zəif idmançı olmur. Medal qazana bilməyən tatami ustalarımız da ruhdan düşməməlidirlər. Onların gücünə bələd olduğumuz üçün hər birindən mükafat gözləyirdik. Amma bu, idmandır. İndi çalışmalıyıq ki, növbəti yarışlarımız üçün səhvlərimizi düzəldək. Qarşıda bizi Paris Olimpiadası gözləyir. Pekin Olimpiadasında mənim çempionluğumdan uzun illər sonra 1 yox, 2 Olimpiya qızılı qazanmağın vaxtıdır. Cüdoçularımıza inanırıq.
Qeyd edək ki, Hidayət Heydərovdan sonra çempion titulunu qazanan Avropa çempionu, Dünya çempionatının ikiqat bürünc mükafatçısı Zelim Kotsoyev yarışda qələbə ruhunun əsas rol oynadığını bildirdi. O qeyd etdi ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi instaqram səhifəsində Hidayət Heydərovu təbrik etməsi ona əlavə güc, həvəs verib:
– Hidayət mənə həmin təbrik paylaşımına görə çox xoşbəxt olduğunu dedi. O, qızıl medalı qazandıqdan sonra bunu mənim də bacaracağıma inandığını bildirdi. Bütün bunlar məni qələbəyə ruhlandırdı.
Azərbaycan bayrağını beynəlxalq arenada dalğalandırdığı üçün iftixar duyduğunu söyləyən Z.Kotsoyev Olimpiadada da uğur qazanmaq üçün əlindən gələni edəcəyini dedi:
– Mən bütün yarışlarda ölkəmin üçrəngli bayrağını yüksəklərə qaldırmaq arzusundayam. Paris Oyunlarında fəxri kürsüyə yüksəlmək üçün fiziki qüvvəmi, mənəvi enerjimi toplayacağam.
Beləliklə, cüdoçularımızın Əbu-Dabidə son dünya çempionatında tarixi nəticəsi, bundan əvvəl “Böyük dəbilqə” turnirlərində, Avropa çempionatlarında, Dünya, Avropa kuboku və digər yarışlarda parlaq nailiyyətləri Paris Oyunlarında yeni zirvələrin fəthi üçün geniş imkanlar açır. Olimpiya tatamisində bütün çəki dərəcələrində mübarizə aparacaq Azərbaycan cüdoçularından Olimpiya qızıllarını gözləmək üçün gerçək əsas var.
Leyla QURBANOVA
XQ