Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycanda mötəbər yarışlar yüksək səviyyədə keçirilir

post-img

Göygöldə yeniyetmə cüdoçular arasında Avropa Kuboku yarışında püşkatma mərasimi mərasimi keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Kamran Talıbov Avropa kuboku yarışının əhəmityyətini vurğulayıb. Qeyd edilib ki, belə yarışlar yeniyetmə idmançıların öz bacarıqlarını artırmaları üçün böyük əhəmiyyət kəsb edir. İkinci ildir Göygöldə Avropa Kubokunun keçirildiyini bildirən qurum rəsmisi, yarışın Avropa təqviminə daxil edilməsinin sevindirici hal olduğunu deyib. 

Avropa Cüdo Birliyinin (EJU) idman komissarı Albert Qmayner turnirdə təşkilatçılığın səviyyəsini xüsusi qeyd edib. Bildirilib ki, Azərbaycanda hər zaman mötəbər yarışlar yüksək səviyyədə keçirilir. O, hər il Bakıda təşkil olunan “Böyük dəbilqə” yarışlarında dünyanın aparıcı cüdoçularının iştirak etdiklərini vurğulayıb. 

EJU-nun hakim-komissarı Nano Karvalyu Azərbaycan cüdoçularının həmişə yüksək ustalıqları ilə seçildiklərini deyib. O, yarışda maraqlı və gərgin mübarizənin gedəcəyinə əmin olduğunu vurğulayıb. 

Qeyd edək ki, Avropa Kubokunda Fransa, Serbiya, Gürcüstan, Sloveniya, Yunanıstan, İtaliya, Özbəkistan, Qırğızıstan, Türkiyə, Ukrayna, Qazaxıstan, Lüksemburq idmançıları, eləcə də fərdi bitərəf cüdoçular iştirak edirlər. 

Azərbaycan yığması yarışda 140 cüdoçu (95 oğlan və 45 qız) ilə təmsil olunur. 

Qeyd edək ki, ötən il tatami sahibləri 7 qızıl, 5 gümüş və 9 bürünc medal qazanaraq ümumi sıralamada birinci yeri tutublar. Türkiyə ikinci (3-4-5), Gürcüstan (2-2-2) üçüncü pillədə qərarlaşıb.  

L.QURBANOVA

XQ

İdman