AFFA 5 klubu cərimələyib

post-img

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında Azərbaycan Premyer Liqasının XXX turunun matçlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Zirə” ilə oyunda “Sumqayıt”ın azarkeşləri pirotexniki vasitədən istifadə etdiyinə görə klub 1500 manat cərimələnib. Qarşılaşma başa çatdıqdan sonra kənar şəxslərin daxil olması sumqayıtlıların daha 800 manat cərimələnməsinə səbəb olub.

“Turan Tovuz”la qarşılaşmada “Qəbələ”nin 4 futbolçusunun sarı vərəqə alması klubu 700 manat xərcə salıb. Oyunun fasiləsində “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı hakimləri təhqir etdiyinə görə 3 oyun şərti olmaqla 5 oyun cəzalanıb, klub 4000 manat cərimə edilib, sınaq müddəti 3 ay təyin edilib. 5 futbolçusu sarı vərəqə alan Tovuz təmsilçisi 700 manat ödəyəcək.

“Kəpəz”lə matçda “Səbail”in futbolçusu Adi Mehremiç hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, klubu 3 min manat ziyana düşüb. Sınaq müddəti 3 ay təyin edilib.

“Qarabağ”la oyunda “Sabah”ın  5 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib. Görüş başa çatdıqdan sonra kənar şəxslərin daxil olması paytaxt təmsilçisini daha 800 manat ziyana salıb. 

L.SABİRQIZI XQ

İdman