Güləş–Azərbaycan idmanının dünya şöhrəti və öyüncü

post-img

Şübhəsiz, qədim və zəngin ənənələrin nəti­cəsidir ki, Sovet dövründə də, dövlət müstəqil­liyimiz bərpa olunduqdan və Azərbaycan id­manının ən yaxşı nümayəndələri Olimpiya oyunlarında vahid komanda şəklində, öz milli bayrağımız altında çıxış etməyə başladıqdan sonra da respublikamıza ilk medalları güləş ustaları gətirmişlər. Həm də çox maraqlıdır ki, 1952-ci ildə Helsinkidə, 1996-da ABŞ-ın Atlan­ta şəhərində xalqımızı olimpiya mükafatları ilə sərbəst üsulla güləşənlər sevindirmişlər–Fin­landiya paytaxtında Rəşid Məmmədbəyov, oke­anın o tayında isə Namiq Abdullayev. 

Fərq yalnız bundadır ki, Məmmədbəyov 72 il əvvəl fəxri kürsüyə Sovet İttifaqının yığma ko­mandasının üzvü kimi yüksəlmiş, Abdullayev isə ilk Olimpiada medalının sevincini müstəqil Azər­baycan Respublikası komandasının tərkibində yaşamışdır. İdman ictimaiyyətimiz də haqlı ola­raq, bu iki görkəmli şəxsiyyət haqqında həmişə dərin hörmət və ehtiramla söz açır. Doğrudan da, əbəs yerə demirik ki, yaxşılıq unudulmur. Hər iki güləşçinin ölkə idmanına verdiyi töhfələr milli sərvətimizdir.

R.Məmmədbəyov Finlandiya paytaxtında 57 kq çəki dərəcəsində onu fəxri kürsünün ikinci pilləsinə aparan yolda beş rəqibini–İran, ABŞ, Macarıstan, Hindistan və İsveçrə güləşçilərini məğlubiyyətlə barışmağa məcbur etmiş və yal­nız final görüşündə Yaponiya təmsilçisinə uduz­muşdu.

Həyatla çox tez, cəmi 43 yaşında vidala­şan Rəşid Qarabəy oğlu Helsinkidə qazandığı böyük uğura görə SSR Əməkdar idman ustası adına layiq görülmüşdü və indi idman tarixində olimpiya medalı qazanmış ilk azərbaycanlı kimi yaşayır. 

Sərbəst güləşdə Azərbaycanın olimpiya me­dalları estafetini R.Məmmədbəyovdan qəbul edən N.Abdullayev isə ikiqat qəhrəmanlıq nü­munəsi göstərmişdir. O, Atlantada 52 kq çəki dərəcəsində qazandığı gümüş mükafatla kifayət­lənməmiş, dörd il sonra Avstraliyanın Sidney şəhərində XXVII Olimpiya Oyunlarında finalda ABŞ təmsilçisi Samuel Hensona qalib gələrək, bu dəfə 55 kq çəki dərəcəsində qızıl medala sa­hib olmuş, möhtəşəm qələbəsi şərəfinə nəhəng idman sarayında müstəqil Azərbaycan Respubli­kasının Dövlət Himni səsləndirilmişdir.

Yadımdadır, 1996-cı ildə olimpiyaçılar At­lantadan qayıtdıqdan dərhal sonra Azərbaycan Prezidenti Heydər Əliyev nümayəndə heyətimizi Prezident Sarayında qəbul edib, ölkənin idman şərəfini layiqincə qoruduqlarına görə atletlərə minnətdarlığını bildirdi, Abdullayevin qazandığı və Olimpiadanın yekun cədvəlində respublika­mızı 200-ə qədər ölkə arasında 61-ci yerə yük­səldən gümüş medalı qızıl mükafata bərabər tutdu, həmin medalın böyük əhəmiyyətini xüsusi vurğuladı.

“Şöhrət” ordenli Namiq Yadulla öğlu Abdul­layev hazırda da respublikamızda güləşin daha da inkişafına sədaqətlə xidmət edir, Azərbaycan Güləş Federasiyası İcraiyyə Komitəsinin üzvü kimi bizim yerlərdə hələ qədim vaxtlardan çox sevilən idman növünün zəngin ənənələrinin ar­tırılması və daha da möhkəmləndirilməsi işinə layiqli töhfələr verir.

N.Abdullayevin Atlanta və Sidney uğurların­dan sonra da elə bir Olimpiada olmayıb ki, Azər­baycan güləşçiləri fəxri kürsüdə təbrikləri qəbul etməsinlər. Afina–2004-də yunan-Roma güləşçi­si Fərid Mansurovun, London–2012-də sərbəst güləşənlər Toğrul Əsgərov və Şərif Şərifovun ölkəmizə çempion kimi qayıtdıqlarını, Mariya Stadnikin iştirak etdiyi bütün dörd Olimpiya oyun­larında mükafatçılar sırasında yer tutduğunu, Rio-de-Janeyro–2016-da qazanılmış 18 medal­dan 9-nun güləş ustalarımızın payına düşdüyünü xüsusi qeyd etmək olar.

Yazımız finişə yaxınlaşarkən deyim ki, onu indi qələmə almağımıza, iyirminci əsrin ortaların­da və sonunda Azərbaycana ilk olimpiya medal­larını güləşçilərin gətirdiyini xatırlamağa Bakıda, Milli Gimnastika Arenasında yenicə başa çatmış Paris Olimpiadası–2024-ə lisenziya xarakterli Avropa olimpiya təsnifat turniri sövq etdi. 

Üç gün davam edən və 7 aprel axşamında yekunlaşan yarış əsl güləş bayramına çevrildi. Qitəmizin ən yaxşı xalça ustalarının gərgin gö­rüşləri təkcə iştirakçılara və onların məşqçilərinə deyil, on minlərlə tamaşaçıya da həyəcanlı anlar yaşatdı. 

Bakı turnirinədək Azərbaycanın güləş us­talarının hesabında üç lisenziya var idi. Onlara əvvəlki yarışlarda sərbəst üsulla güləşən Maqo­medxan Maqomedov (97 kq), yunan-Roma güləşçiləri Sənan Süleymanov (77 kq) və Həsrət Cəfərov (67 kq) sahib olmuşdular. İndi isə “sər­bəstlər” Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nur­məhəmmədov (86 kq) və Georgi Meşvildişvili (125 kq) bir gündə Azərbaycanı daha beş lisenzi­ya ilə sevindirərək, idmanın bu növündə olimpiya vəsiqələrimizin sayını 8-ə çatdırmışlar. 

Amma bu da son hədd deyil. Qarşıda güləş­çiləri daha bir sınaq gözləyir. Mayda İstanbulda təşkil ediləcək dünya olimpiya təsnifat turnirində XXXIII Yay Olimpiya Oyunlarına lisenziyaların sayını artırmaq imkanı olacaq. Ümid edək ki, yu­nan-Roma güləşçilərimizin və qadın komandası üzvlərinin Bakıdakı gözlənilməz uğursuzluğun əvəzini İstanbul xalçası üzərində çıxmaq üçün öz hazırlıqlarındakı çatışmazlıqları aradan qaldırıb, turniri yüksək idman formasında qarşılamağa us­talığı da çatacaq, bacarığı da. 

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist



İdman