Xankəndi–Bakı ultramarafonu başlayıb

post-img

İlk mərhələsinin qalibi müəyyənləşib

Fevralın 29-da Xankəndi–Bakı ultramarafonuna start verilib. 

Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası və “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti ilə birgə təşkil etdiyi yarış “İdman həftəsi” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilir. 

İştirakçılar “Qürurla irəli” şüarı ilə ilk dəfə keçirilən yarışa Xankəndidə start veriblər. Yürüşün birinci mərhələsi Yevlaxda ye­kunlaşıb. Yarışda ən yüksək nəticəni Elmir Əskərov qazanıb. O, 83 km məsafəni 6 saat 52 dəqiqəyə qət edib. Ağa Əliyev finişə ikinci, Elman Abışov isə üçüncü pillədə çatıb. 

Marafonda müxtəlif ölkələrdən, ümumilikdə 64 idmançı iştirak edir. Onlardan dördü meksikalı, beşi türkiyəli, biri moldovalıdır. Digərləri isə Azərbaycan təmsilçiləridir.

Ultramarafon iştirakçıları Xankəndi-Yevlax (83 kilometr), Yev­lax-Ucar (84 kilometr), Ucar-Hacıqabul (88 kilometr), Hacıqabul-Qo­bustan (70 kilometr) və Qobustan-Bakı (55 kilometr) mərhələlərini keçməklə martın 4-də Bakıya çatacaqlar. Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.

Yarışın iştirakçıları 380 kilometr məsafə qət edəcəklər. “Qürurla irəli” şüarı ilə təşkil olunan ultramarafonda 18 yaşdan yuxarı hər kəs iştirak edə bilər. 

L.AZAD
XQ

İdman