Braqada “Qarabağ” dərsi

post-img

Əhsən, “Qarabağ”, sənə zəfər yaraşır!

Fevralın 15-dən 16-na keçən gecə “Qarabağ” futbol klubu Azərbaycanın fanatlarına və ümumən, ölkəyə qürur yaşatdı desək, bəlkə də az olar. Azərbaycandakı qızğın futbol azarkeşləri gecəyarısı ekran qarşısında bir nəfər kimi “Qarabağ”ın təəssübünü çəkirdilər. Zarafat deyil, komanda ilk dəfə idi ki, avrokubokların “pley-off” mərhələsində oynayırdı. Mən də ilk dəfə idi ki, bütün həmvətənlərimiz kimi, Azərbaycan futbolunun bu uğurundan inanılmaz bir həyəcan və sevinc yaşayırdım.

Etiraf edim ki, ilk dəqiqələrdən içimdə “Qarabağ”ın qələbəsinə çox kiçik bir ümid işartısı olsa da, əminlik yox idi. Amma çox istəyirdim ki, ko­mandamız qələbə qazansın və “Qa­rabağ” Qarabağ zəfərimizə yaraşan bir oyun nümayiş etdirsin. Beləliklə, oyun başladı... 

Avropa liqasının 1/16 final mər­hələsinin ilk oyununda Portuqaliya çempionatının dördüncü komanda­sı Azərbaycan çempionatının şək­siz liderini qəbul edirdi. Əlbəttə, bu çempionatların səviyyəsini müqayisə etmək mümkün olmadığından bütün “bukmeker” kontorları qarşıdurma­da meydan sahiblərini favorit hesab edirdilər. Zarafat deyildi, UEFA çem­pionlar liqasında Madridin “Real”, İtaliyanın “Napoli” və Berlinin “Union” nəhəngləri ilə bir qrupda mübarizə aparan “Braqa” bu mərhələni üçüncü yerdə başa vurmuşdu. 

Komandalar haqqında bütün sta­tistika “Braqa”nın tam üstünlüyünü nümayiş etdirirdi. Elə birinci hissədə üstünlük də “Braqa”nın tərəfində idi. Statistikaya görə, çərçivəyə beş zər­bə vuran braqalılar xG baxımından 1,57 top qazanırdılar. Ev sahibləri artıq qarşılaşmanın debütündə he­sabı aça bilərdilər, lakin “Qarabağ”ın qolkiperi Lunyov rəqib Calonun qapı­nın sol küncünə endirdiyi zərbəni əla “seyv” ilə dəf edə bildi. Qarşılaşmanın 45-ci dəqiqəsinə qədər ev sahibləri Lunyovun qapısına qol vura bilmə­dilər. “Qarabağ” isə 45 dəqiqə ərzin­də yalnız 11 metrlik cərimə zərbəsi ilə hesabı açdı. Matçın 20-ci dəqiqə­sində “Braqa”nın cərimə meydança­sındakı duel Qomeşin Cəfərquliyevə qarşı kobudluq etməsi ilə başa çatdı və monteneqrolu Yankoviç penaltini qola çevirdi. Elə buradaca qeyd edim ki, əzmkar oyunu ilə ən çox diqqət çəkən “qarabağlı” da məhz Yankoviç idi. 

Adama elə gəlirdi ki, matçın bi­rinci hissəsi elə bu hesabla da başa çatacaq. Lakin protuqaliyalılar soyu­nub-geyinmə otağına hesabı bəra­bərləşdirərək getməyi bacardılar. 44-cü dəqiqədə braqalı Niakatenın baş zərbəsini Yankoviç dəf etsə də, geri qayıdan topu Simon Banza tora qo­vuşdurmağı bacardı – 1:1. 

“Qarabağ”ın qapıçısı nə qədər əzmkar oyun nümayiş etdirsə də, onun səhvsiz oynadığını söyləmək doğru olmazdı. Bir neçə epizodda Lunyov üzərinə gələn topu tutmaq əvəzinə, geri qaytardı və təhlükəli vəziyyətə imkan yaratdı. Ev sahiblə­rinin qol epizodunda isə qapıdan çox inamsız çıxdı, geri qayıtmaq isə artıq gec oldu. 

Birinci hissə 1:1 hesabı ilə başa çatsa da, “Qarabağ”ın cəsarətli oyunu bu matçda onun uğuruna olan ümidləri artırdı. Fasilədən sonra komandamız topla daha yaxşı davranmağı və rəqibi əks-hücumlarla çətin vəziyyətə sal­mağı bacardı. Qurban Qurbanovun yetirmələri rəqibin səhvlərini güzəştə getmədilər və portuqaliyalıları çox mükəmməl cəzalandırdılar. Əslində, futbolçularımız ikinci qolu da bir az bəxtsiz vurdular. Matçın 54-cü dəqiqə­sində Yassin Benziyanın cərimə mey­dançasının 20 metrliyindən endirdiyi qüvvətli cərimə zərbəsindən sonra top canlı səddi keçib Abdulla Zubirin aya­ğına düşdü: “ofsayd” həddində olan fransalıya ancaq qapıçını aldatmaq və şansı əldən verməmək qalırdı ki, bunu da məharətlə edə bildi – 1:2.

Bu, “Braqa” üçün əsl nokdaun idi. Amma Kriştiano Ronaldonun həmyer­lilərinin nokauta düşməsinə elə də çox vaxt lazım gəlmədi. "Qarabağ" ikinci hissənin ortalarında 4 dəqiqə ərzində daha iki zərbə ilə meydan sahiblərini nokauta saldı. 64-cü dəqiqədə ko­manda çox əla və sürətli əks-hücuma keçdi. Əvvəlcə həmin fransalı Zubir mərkəzdən komanda yoldaşı Junin­yoya çox ideal ara ötürməsi etdi. Bra­ziliyalı əla texnika nümayiş etdirərək rəqibin 2 müdafiəçisini pat vəziyyətdə qoydu və topu tora qovuşdurdu. Şü­bhə yarandığından epizod VAR tərə­findən yoxlanıldı. Yox, “ofsayd” yox idi – hakim qolun düzgün vurulduğu­nu bildirən jestlə meydanın mərkəzini göstərdi– 1:3

“Qarabağ”ın ifasında bu əla fut­bol tamaşasını “MatçTV” kanalında izləyirdim deyə, futbol icmalçısının komandamız haqqında səmimi və heyranlıqla danışması məni daha da qürurlandırırdı. Şərhçi oyun öncəsi mətbuat konfransında baş məşqçi­miz Qurban Qurbanovun Braziliya­dan olan futbolçular haqqında fikirlə­rini səsləndirdi. Məşqçimiz demişdi: “Oyunçularım topla necə oynamağı və onu hiss etməyi bilirlər. Texniki cəhətdən yaxşıdırlar. “Qarabağ”da həmişə braziliyalılar olub və onların böyük faizi əvvəllər Portuqaliyada oy­nayıblar. Onlar Avropa mentalitetinə mükəmməl uyğunlaşıblar. Bu oyun­çuları almaqla onların mədəniyyətinə hörmət edirəm”.

İcmalçı bu sözləri yenicə söylə­mişdi ki, dərhal komandamızın növ­bəti qolu vurmasını daha uca səs­lə elan etdi. Bu yenə mərakeş əsilli fransalı Zubir idi. 69-cu dəqiqədə meydanın mərkəz nöqtəsindən sürət gütürən “Qarabağ” oyunçuları dör­dün-dördə əks-hücum təşkil etdilər. Meydana yenicə çıxmış Tural Bayra­mov qövsvari ötürmə etdi və fransız futbolçu lazımi anda topu uzaq dirək­də qarşıladı. Qol, top qapıdadır –1:4. 

Braqada “Qarabağ” dərsi baş məşqçi Artur Xorxeni necə çaşqın və­ziyyətə salmışdısa, nə baş verdiyini anlaya bilmirdi. Portuqaliya klubunun oyunçuları da eyni vəziyyətdə idilər.

Yalnız oyunun sonuna yaxın braqalılar bir topun əvəzini çıxa bil­dilər. Futbolçumuz Barriosun 91-ci dəqiqədə cərimə meydançasında ehtiyatsız oyunundan sonra hakim 11 metrlik nöqtəni göstərdi. Təcrübəli Mautinyo cərimə zərbəsini qola çe­virə bildi. Bu, ev sahibləri üçün yüngül təsəllidən başqa bir şey deyildi. 

Beləcə, “Qarabağ” Avropa kubo­kunda günün əsas sensasiyasına imza atdı. Braqanın “Munsi­pal-di-Braqa” stadionunda “Qara­bağ”ın keçdiyi futbol dərsini artıq bütün portuqaliyalı tamaşaçılar sükut içində izləyirdilər. Qonşu tribunada əllərində üçrəngli Azərbaycan bayra­ğını çoşqu ilə dalğalandıran, təqribən, 100-ə yaxın azərbaycanlı azarkeşin aramsız hayqırtısı isə bu sükutu po­zan yeganə sevinc sədaları idi: 

“Qa-ra-bağ, Qa-ra-bağ, Qa-ra-bağ...” 

Afərin, “Qarabağ”, sənə zəfər yaraşır!

İlqar ÇAYRUDLU
XQ



İdman