Daha çox Olimpiya lisenziyası...

post-img

Paris Yay Olimpiya Oyunlarına vəsiqə uğrunda gərgin mübarizə davam edir. Dördilliyin ən nüfuzlu yarışına Azərbaycanın 9 idmançısı lisenziya qazanıb ki, onlardan da 2-si yunan-Roma güləşçilərinin payına düşür. 

Olimpiadalarda yunan-Roma güləşi üzrə ən böyük uğuru 2004-cü ildə Afina Oyunlarında qızıl medal almaqla Fərid Mansurov qazanıb. Sonrakı yarışlarda – “Pekin-2008”də gümüş, “London-2012”də gümüş və bürünc, Rio Olimpiadasında 2 bürünc medala sahib olmuşuq. Tokio Olimpiadasında 7 medaldan 1-i (bürünc medal) yunan-Roma güləşinə məxsus olub. Bəs Paris Olimpiadasında bu idman növü üzrə hansı nəticə gözləyirik?

Yunan-Roma güləşçilərimizin son dünya çempionatında komanda hesabında birinci olmaqla tarixi uğura imza atmaları, onların hazırlığının mükəmməl olduğunu göstərir. Mundialda Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) gümüş medalla yanaşı, həm də Olimpiadaya vəsiqə əldə ediblər. Hər iki idmançının dünya çempionatında yüksək nəticəsi olimpiadada onların medal şanslarını artırır. Sənan Süleymanov bu ilə də inamla start verib. Xorvatiyada keçirilən reytinq turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxan pəhləvanımızı daha bir ciddi sınaq gözləyir. Belə ki, dörd il bundan əvvəl Avropa çempionu titulunu qazanmış  27 yaşlı güləşçi fevralın 12-də start götürəcək qitə çempionatında bir daha fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa çalışacaq. Digər lisenziyanın sahibi Həsrət Cəfərov qitə çempionatında qalib titulunu qorumağa səy göstərəcək. Gənclər arasında dünya çempionu (U-20, U-23) olan 21 yaşlı pəhləvanın da builki Zaqreb turnirindən medalla qayıtması, onun yaxşı formada olmasından xəbər verir. Ötənilki dünya çempionatında rəqib tanımayan Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynovun (82 kq) da əsas hədəfləri Paris Olimpiadasına lisenziya qazanmaqdır. Bunun üçün isə onlar Olimpiya çəki dərəcəsi üzrə mübarizə aparmalıdırlar. Kişilərdən ibarət millinin məşqçisi Həsən Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, Avropa çempionatından sonra bununla bağlı qərar veriləcək. 

Onu da qeyd edək ki, hər iki idmançı qarşıdakı qitə çempionatının favoritləri sırasındadır. İkiqat dünya çempionu, “Tokio-2020”nin bürünc mükafatçısı R.Hüseynov 4-cü, üçqat dünya çempionu E. Əzizli 3-cü dəfə Avropa çempionluğunu qazana bilərlər. 

Serbiyadakı dünya çempionatında qeyri-olimpiya çəkisində (63 kq) gümüş medala sahib olan Murad Məmmədovdan da uğur gözləmək olar. Eyni zamanda, dünya çempionatında 74 kiloqram çəkidə Olimpiya lisenziyasını qazanmağa çox yaxın olan Turan Bayramov, digər güləşçimiz İslam Abbasov (87 kq) da Olimpiya vəsiqəsinin öhdəsindən gələ bilərlər. Mütəxəssislər həmçinin hesab edirlər ki, super ağır çəkidə Rio Olimpiadasının bürünc mükafatçısı Sabah Şəriəti Parisə vəsiqə götürə bilər. 

Həsən Əliyev komandamızı qarşıda vacib yarışların gözlədiyini dedi:

– Qarşıda bizi 2 vacib yarış gözləyir. Apreldə Avropa Olimpiya təsnifat turniri Bakıda olacaq. Doğma divarlar arasında yarışda olimpiadaya maksimum lisenziya qazanmaq istəyirik. May ayında İstanbulda isə dünya Olimpiya təsnifat yarışı olacaq. Bu turnirlərə ciddi hazırlaşırıq. Hazırlıq normal gedir. Bir təlim-məşq toplanışı keçmişik. Avropa çempionatından sonra hədəf Bakıdakı Avropa təsnifat yarışıdır. Komanda üzvlərinin hazırlıq səviyyəsi yaxşıdır. Komandamızın gücünə inanırıq. Əminik ki, nəticələr yaxşı olacaq. 

İdmançılarımıza uğurlar arzulayırıq!

Leyla QURBANOVA
XQ



İdman