Bəzi idmançılar onlara bəslənilən etimadı doğrultmurlar. Bu da bizi məyus edir.
“XQ” xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu Beynəlxalq Cüdo Federasiyasının Akademiyasının məşqçilik və sertifikat proqramının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, cüdoçularımız Portuqaliyada Qran-pri, Parisdə isə təşkil edilən “Böyük dəbilqə” yarışlarında qənaətbəxş çıxış ediblər. Baş katib ilin əsas yarışının Paris Yay Olimpiya Oyunları olduğunu vurğulayıb:
–Bütün hazırlıqlar bu nüfuzlu yarışa yönəldilib. Bəzi idmançılarımızın yaxşı formada olmamaları nəticələrdə də sözünü deyir. Müəyyən çəki dərəcələrində idmançılar onlardan gözlənilən performansı göstərməyə başlayıblar ki, bu da müsbət haldır. Paris “Böyük dəbilqə”sində 2 gümüş medalımız oldu. Bunu qənaətbəxş hesab etmək olar. İndi əsas məqsəd zədəsiz növbəti turnirlərdə iştirak etməkdir. Hazırda işimiz çoxdur. Ciddi şəkildə hazırlaşmalıyıq.
R.Rəsullu fevralın 16-18-də Bakıda keçiriləcək “Böyük dəbilqə” yarışının əhəmiyyətini xüsusi vurğulayıb. Bildirib ki, yarış may ayında keçiriləcək dünya çempionatına hazırlıq baxımından da vacibdir. Əsas plan toplanışın düzgün aparılmasıdır.
Federasiya rəsmisi “Paris-2024” üçün seçimlə bağlı deyib:
–Burada reytinq önəmlidir. Hazırda 73, 100 və +100 kiloqram çəki dərəcələrində güclü rəqabət var. Dünya çempionatından sonra digər çəkilərlə bağlı yekun qərar veriləcək. Federasiya və məşqçilər heyətinin qərarına əsasən formada olan idmançıya üstünlük veriləcək.