Ağırlıqqaldırma üzrə hakim və mütəxəssislərlə görüş keçirilib

post-img

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) prezidenti Kamran Nəbizadə “ASK Arena”da Texniki Komitənin üzvləri, ağırlıqqaldırma üzrə digər beynəlxalq dərəcəli hakimlər və mütəxəssislərlə görüş keçirib.

AAF-dan verilən məlumata görə, federasiya prezidenti hakimlərin ağırlıqqaldırma ictimaiyyətinin vacib üzvlərindən biri olduqlarını qeyd edib.

O, bildirib ki, idmançı və məşqçilərlə yanaşı, onlar da beynəlxalq arenada Azərbaycanı təmsil edirlər və bu səbəbdən də bu sahəyə diqqətin artırılması mütləqdir. K. Nəbizadə federasiyanın bu istiqamətdə bir sıra addımlar atacağını, bunun gələcəkdə öz müsbət effektini verəcəyinə inamını ifadə edib. O, xüsusilə hakimlərin xarici dil biliklərinin artırılmasının vacibliyini önə çıxarıb, gələcəkdə peşə bilikləri ilə yanaşı bu amilə də müstəsna əhəmiyyət veriləcəyini diqqətə çatdırıb.

Mütəxəssislərlə müzakirələr zamanı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb, mövcud problemlər dilə gətirilib, rəy və təkliflər verilib. Səmərəli keçən bu cür görüşlərin mütəmadi təşkil olunması ilə bağlı qərar qəbul edilib.

İdman