Azərbaycan şahmatı yeni yüksəlişə qanadlanıb

post-img

Ötən ilin idman uğurları sırasında uşaq, yeniyetmə və gənc şahmatçıların əldə etdikləri nailiyyətlər xüsusilə qürurvericidir. Onlar müxtəlif yaş kateqoriyalarında qazandıqları böyük qələbələrlə Azərbaycan şahmat tarixinə yeni səhifə yazmağı bacarmışlar. 

Müsahibimiz şahmat üzrə yeniyetmə və gənclərdən ibarət yığmanın baş məşqçisi Fərid Abbasov təmsilçilərimizin 2023-cü ili böyük uğurlarla başa vurduqlarını bildirdi. O qeyd etdi ki, istər dünya, Avropa çempionatları, istərsə də, digər beynəlxalq yarışların hamısında şahmatçılarımız medal qazanıb, fərqləniblər: 

– Ən önəmli yarışlar ötən ilin avqustunda başladı. Niderlandda 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadasında fərdi yarışda qızıl medal qazandıq. 4 taxtanın 3-ündə Çin yığmasının təmsilçiləri qalib olsalar da, turnirin ən prestijli taxtasında Azərbaycan şahmatçısı Read Səmədov qalib olaraq dövlət himnimizi səsləndirdi. Onu da deyim ki, Read artıq 2500 reytinqi keçib. Ona böyük ümidlər var. 

Sentyabr ayında Rumıniyanın Mamaya şəhərində yeniyetmə oğlan və qızlar arasında keçirilən Avropa çempionatında 4-ü qızıl olmaqla 7 medal qazanan komandamızın tarixi uğurunu xüsusi vurğulamaq istəyirəm. Həmin yarışda Məhəmməd Kazımzadə, Mehriban Əhmədli (hər ikisi U-8), Əhməd Xaqan (U-12), Rüstəm Rüstəmov (U-14) bütün rəqibləri qabaqlayaraq öz yaş kateqoriyalarında qızıl medal əldə etdilər. Xəzər Babazadə 18 yaşlılarda 2-ci yerə çıxdı. Rüstəm Rüstəmov turnirin finalında son anlarda erməni şahmatçını üstələyərək Avropa çempionu oldu. 12 yaşlı qızların mübarizəsində Səadət Bəşirli çempionatı bürünc medalla başa vurdu. Suat İbrahimli, Əsnad Baxşızadə, Xədicə Babazadə də medallara çox yaxın idilər.

Baş məşqçi 8-10-12 yaşlıların Misirdə keçirilən dünya çempionatında güclü heyətlə çıxış etdiklərini vurğuladı. Həmin yarışda Xaqan Əhməd bürünc medal qazanıb, Paşam Əlizadə (12 yaş) 3-4-cü yerləri bölüşdürüb. O qeyd etdi ki, şahmat tarixində ən çox medal qazanan idmançılarımızdan biri olan Ayan Allahverdiyeva İtaliyada keçirilən dünya çempionatında 18 yaşadək qızlar arasında qalib olub: 

– Bu, daha bir tarixi uğurdur. Ayan 3 qat Avropa çempionudur. O, çox gözəl məktəb keçib. Yerli mütəxəssislər onunla çox çalışıblar. 2022-ci ildə dünya çempionatında 18 yaşadək qızların yarışında gümüş medal qazanıb. Ötən il yenidən Avropa çempionu olmağa çox yaxın idi. Amma 2-ci yeri tutdu. Gələcəkdə 20 yaşlılar, eləcə də qadınlar arasında öz sözünü demək üçün güclü potensialı var. 

Ötən ilin şahmat uğurlarına nəzər saldıqda, 20 yaşlıların dünya çempionatında Məhəmməd Muradlı və Gövhər Beydullayevanın qızıl medalları xüsusilə diqqət mərkəzinə düşür. Blits üzrə yarışlarda rəqib tanımayan Məhəmməd Muradlı, eləcə də rapid turnirində aşkar üstünlüyü ilə sonadək fərqlənən Gövhər Beydullayeva xüsusi istedad nümayiş etdiriblər. Təsadüfi deyil ki, Gövhər “İlin şahmatçısı” nominasiyasında mükafatçılar sırasında da yer alıb. Eyni zamanda, “Vüqar Həşimov Memorial – 2023”də gənc şahmatçı Aydın Süleymanlı çox gözəl oyunlar sərgiləyib. A.Süleymanlının artıq 2600 reytinqini keçməsi onun ciddi nailiyyətlərindən xəbər verir. 

Fərid Abbasov ötən ilin kişi şahmatçılarımız üçün o qədər də uğurlu olmaması ilə bağlı fikirlərə də münasibət bildirdi: 

– Bəzilərinin dediyi kimi, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və digər aparıcı şahmatçılarımızı elit şahmatçılar sırasından çıxarmaq olmaz. Onların şahmatdan getdiklərinə inananlar yanlış düşünürlər. Bu şahmatçılar çox güclü, potensiallı oyunçulardır və dəfələrlə bunu sübut ediblər. Məsələn, Boris Gelfand 49 yaşda dünya kuboku yarışının qalibi olub. 60-70 yaşda güclü turnirlərdə birinci yeri tutan digər nüfuzlu şahmatçıların adlarını da çəkə bilərəm. Qadın şahmatçılarımızın son illər nailiyyətləri bizi xüsusilə sevindirir. Gənc şahmatçımız Gövhərin də heyətində mübarizə apardığı millimizin son Avropa çempionatındakı qələbəsi tarixi uğurdur.

Baş məşqçi ötən ilin uğurlarında məşqçi kollektivinin də mühüm rolu olduğunu dedi: 

– Perspektivli məşqçilərimiz, güclü mütəxəssislərimiz var. Onlar qazanılan uğurlarda böyük pay sahibidirlər. Biz Hindistan, ABŞ, Rusiya, İran, Türkiyə, Polşa kimi güclü şahmat məktəbləri olan ölkələrlə mübarizə aparırırq və nailiyyətlərimiz ildən-ilə artır. Bu il daha böyük qələbələrə köklənmişik. Düşünürəm ki, bunun üçün kifayət qədər ciddi səylər göstərməliyik.

 

Leyla QURBANOVA 
XQ 

 



İdman