39 il əvvəl “Neftçi” Kiyev “Dinamo”su ilə necə oynayıb?
Gələn il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanada stadionlarında keçiriləcək futbol üzrə 23-cü Вünya çempionatının Avropa zonasında seçmə yarışlarının 4-cü turunda Azərbaycan millisinin Ukrayna komandası ilə görüşünə 3 həftə qalır. Oktyabrın 13-də Polşanın Vrotslav şəhərindəki “Tarçinski Arena”da təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 22:45-ə təyin edilib.
Rəqiblər, şahidi olduğumuz kimi, sentyabrın 5-də paytaxtımızda bir-birindən “dinc” nəticə ilə ayrılıb (1:1), mundial–2026-nın seçmə sınaqlarında ilk xallarını qazandılar. Bəs oktyabrda Vrotslavda necə olacaq? Bu suala cavab gözləyərkən keçmişi xatırlamaq imkanımız var. Yazımızın səbəbkarı olan foto 1986-cı il noyabrın 9-da 49-cu SSRİ çempionatının “Neftçi”–“Dinamo” Kiyev görüşündə lentə alınıb. Hər ikisi o illərdə öz respublikalarının ən yaxşı klubları idi. Azərbaycan və Ukrayna milli komandalarının indiki nəsli o dövrdə bu iki paytaxt klubunun şərəfini qorumuş futbolçuların davamçılarıdır.
Fotoda bakılıların kapitanı İsgəndər Cavadovla (sağda) onun kiyevli həmkarı Anatoli Demyanenkonu görürük. Kapitanlar salamlaşdıqdan, vilnüslü hakim Romualdas Yuşkanın xeyir-duası və püşkün köməyi ilə meydanda yerlərini tutduqdan sonra görüş başlanıb.
Hakim protokolundan məlum olur ki, həmin axşam “Neftçi” Aleksandr Jidkov, Əsgər Abdullayev, Mustafa Bilalov, Mehman Allahverdiyev (Nazim Süleymanov, 78), Valeri Pançik, Yunis Hüseynov, Vaqif Sadıqov, Yaşar Vahabzadə, İqor Ponomaryov, Maşallah Əhmədov və İsgəndər Cavadovdan ibarət heyətlə mübarizə aparıb.
Oyunda tamaşaçılar tribunaları qol görmədən tərk ediblər. Hər iki komanda müdafiədə daha inamlı təsir bağışlayıb, hərəyə 1 xal qazanıb. Bu, şəhərimizdə həmin çempionatın payıza təsadüf edən son görüşlərindən biri idi.
Bakıdakı heç-heçədən 6 ay əvvəl isə birinci dövrədə “Neftçi” Ukrayna paytaxtında qonaq olub. Bu dəfə də tərəflər bir-birinin “ xətrinə dəyməyib”–1:1. Moskvalı hakim Sergey Xusainovun idarə etdiyi oyunda Kiyevin Respublika stadionunda 22 min 500 azarkeş 2 qola şahidlik edib.
Azərbaycanda Novruz bayramının qeyd olunduğu günlərdə, martın 23-də keçirilmiş görüşdə hesabı 70-ci dəqiqədə Maşallah Əhmədov açıb. “Dinamo” da öz növbəsində borclu qalmayıb, “Neftçi”nin uğurundan 7 dəqiqə sonra Aleksey Mixayliçenko cavab topu vurub. Bununla belə, oyunun nəticəsi bizi qane etməyə bilməzdi. Həmin illərdə SSRİ yığma komandasına neçə-neçə məşhur futbolçu vermiş “Dinamo” ilə Kiyevdə heç-heçə oynamaq hər komandanın işi deyildi.
Onu da xatırladaq ki, 1986-cı ildə keçirilən çempionatda M.Əhmədov 13 qolla “Neftçi”nin ən məhsuldar oyunçusu olub, mövsümün yekunlarına görə SSRİ-nin ən yaxşı 33 futbolçusunun siyahısına da daxil edilib.
Beləliklə, bir az yaddaşımızın, bir qədər də fotonun və statistikanın köməyi ilə yada saldığımız 49-cu Sovet İttifaqı çempionatının 39 il əvvəl oynanılmış hər iki görüşündə nə “Neftçi”, nə də “Dinamo” öz üstünlüyünü sübuta yetirə bilib. Elə yazının əvvəlində xatırladığımız kimi, dünya çempionatının bu yaxınlarda Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilmiş Azərbaycan–Ukrayna seçmə görüşündə də qüvvələr bərabər oldu. Görək Vrotslavda oyun necə nəticələnəcək...
Sonda qeyd edək ki, Ukrayna–Azərbaycan matçından 3 gün əvvəl, oktyabrın 10-da üçüncü turda millimiz səfərdə Fransa komandasına qarşı oynayacaq.
Bu arada 16 sentyabr zəfər gecəsindən bəri 1 oktyabr axşamına daha da yaxınlaşmışıq. İndi “Qarabağ”–“Kopenhagen” görüşünə cəmi 7 gün qalır.
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist