AMADA: Bu il idmançılardan 1100 antidopinq testi götürülüb

post-img

Beynəlxalq standartların, qabaqcıl təcrübələrin və müasir innovativ üsulların tətbiqi ilə ölkədə dopinq nəzarəti prosesini uğurla həyata keçirən Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2023-cü il ilə bağlı hesabat təqdim edib. 

Cari ildə AMADA-nın Təhqiqat şöbəsi 54 məsələ barədə araşdırma aparıb ki, bunlardan 16-sı antidopinq qayda pozuntusu, 38-i məkan məlumatı xətası olub. Məkan məlumatı xətasından 3-ü məkan məlumatının təqdim edilməməsi, 35-i isə buraxılmış test olub.  

Hesabat dövründə idmançılardan 1100 antidopinq testi götürülüb və hazırda milli test proqramı ilin sonunadək davam edəcək. Dekabrın 30-dək isə milli test proqramının yekun sayı müəyyənləşəcək. 35 milli yarışda test etmə keçirilib,  11 beynəlxalq yarışda nümunə toplamaq AMADA-ya həvalə olunub. Testlərin 96,4 faizi Bakı, 1,6 faizi bölgələrin, 2 faizi isə dünyanın digər şəhərlərinin payına düşüb. Ümumi test olunan idmançıların 18 faizini azyaşlı, 7 faizini isə məhdud imkanlı idmançılar təşkil edir.

Bu il ərzində 7 antidopinq qayda pozuntusu üzrə sanksiya qərarı qəbul edilib. Onlardan 5-i idmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu, idmançı tərəfindən qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadəyə cəhd antidopinq qayda pozuntusu olub. 1-i idmançı tərəfindən nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməmək, digəri isə idmançı tərəfindən məkan məlumatı pozuntusu olub. İdmanın triatlon növündə 3, boks, pauerliftinq, kikboksinq və cüdoda 1 qayda pozuntusu qeydə alınıb.  

2023-cü ildə 3 min nəfəri əhatə edən 52 maarifləndirmə seminarı, 17 vebinar, 6 kütləvi təşviqat tədbiri və 5 tədbir təşkil edilib. Bu il AMADA Keniya, Yaponiya, Bolqarıstan milli antidopinq təşkilatları, Avropa Həndbol və Beynəlxalq Atıcılıq İdmanı federasiyaları, Dünya Hərbi İdman Şurası ilə qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalayıb.

Qurumun əməkdaşları il ərzində Ümumdünya Antidopinq Agentliyi, Avropa Şurası, UNESCO, Beynəlxalq Test Agentliyi və digər qurumların antidopinq sahəsində təşkil etdiyi mötəbər yarışlarda fəal iştirak ediblər.

AMADA idmançıların sağlamlığının, onların hüquqlarının və ölkənin təmiz idman imicinin qorunması məqsədi ilə effektiv antidopinq siyasətini davam etdirir.

 

İdman