Bizdən – dəstək, komandadan – qələbə...
Bu gün uzaq və soyuq Norveçin Molde şəhərində eyniadlı yerli klubla Azərbaycan çempionu Ağdamın “Qarabağ” komandası arasında keçiriləcək UEFA Avropa Liqasının “H” qrupunda 5-ci tur görüşünün çox mühüm əhəmiyyəti hər kəsə məlumdur. Bu oyun ağır döyüş xarakteri daşıyacaq. Başqa cür ola da bilməz. Ortada pley-off mərhələsinə vəsiqə var. Molde sınağının xoşbəxt qalibi onu özünə təmin edəcək və pərəstişkarlarının sevinci yerə-göyə sığmayacaq.
Matç ərəfəsində rəqiblər hərəyə 6 xalla turnir cədvəlinin ikinci-üçüncü mövqelərində mehriban qonşular kimi yanaşı addımlayırlar. Üstünlük sentyabrda Norveç təmsilçisini Bakıdan vətəninə məğlubiyyətlə (1:0) yola salmış “Qarabağ”ın tərəfindədir. Ölkə çempionumuz şəxsi görüşün nəticəsinə görə cədvəldə rəqibini qabaqlayır. Amma ikinci yerin taleyi məhz bugünkü oyunda qəti həll oluna bilər. Molde sınağının qalibi yekun cədvəlində finişə “Bayer” Leverkuzendən sonra ikinci çatacaq.
Əgər tərəflərin bir-birinin müqavimətini qırmaq cəhdləri baş tutmasa və onlar meydanı “dinc” nəticə ilə tərk etsələr, təqvimdə dekabrın 14-nə təyin edilmiş son tur qarşısında “Qarabağ” özünü daha inamlı hiss edəcək. Bu halda Qurban Qurbanovun komandası yenə cədvəldə ikinci pillədə olacaq. Üstəlik də, iki həftədən sonra vida turunda “Molde”ni Leverkuzendə qrupumuzun da, Almaniya Bundesliqasının da məğlubedilməz lideri “Bayer” ilə görüş gözləyirsə, Ağdam komandası Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda artıq qrupda hər şeydən əli üzülmüş kimi görünən İsveçin “Hekken” klubunu qəbul edəcək.
Bununla belə, bütün hallarda ümidi axırıncı tura saxlamayıb, hər şeyi elə bu gün qəti şəkildə həll etmək “Qarabağ”ın azarkeşlərinin ürəyindən olar. Yeri gəlmişkən, bir məqamı xüsusi qeyd edək. “Molde” – “Qarabağ” qarşılaşmasına ölkəmizdə maraq hədsizdir. Son günlər yayılan məlumata görə erməni işğalından azad edilmiş ərazilərdə, Laçın şəhərindəki kinoteatrda futbol həvəskarları üçün oyunu böyük ekranda izləmək imkanı yaradılacaq. Bu çox yaxşı təşəbbüsdür və hamımıza oyundan xoş əhvalla, qələbə sevinci, ya da ən azı, heç-heçə ilə ayrılmağı arzulayaq.
Dünən səhər Norveçə yola düşən “Qarabağ” Avroliqada qrup sınaqlarından şərəflə çıxıb, öz tarixinə daha bir parlaq səhifə yazmaq üçün, şübhəsiz, əlindən gələni edəcək. Komandanın bu məqsədinə də çatıb, pley-off mərhələsində mübarizə aparmaq hüququ qazanmağa gücü çatar.
Bir maraqlı məqam da yada düşür. “Neftçi” öz tarixində SSRİ çempionatlarında ilk və yeganə medalına – bürünc mükafata məhz 30 noyabrda (1966-cı il) sevinmişdi. İndi həmin unudulmaz gündən 57 il ötür. Bu gün də noyabrın 30-dur. Deməyim odur ki, bu tarix futbolumuz üçün uğurlu gündür.
Elə “Qarabağ”ın Azərbaycan Premyer Liqasının 14-cü turunda “Sabah”a qalib gələrək (2:1), yenidən turnir cədvəlində adət etdiyi vahid lider mövqeyinə yüksəlməsi də yaxşı əlamətdir.
Moldedə oyunun Bakı vaxtı ilə gecəyarısı, 00:00-da başlayacağını da xatırladıb, onu izləməyə hazırlaşaq.
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist