“Qarabağ” 5-ci dəfə 7 qol vurub

post-img

Futbol üzrə Azərbaycan Premyer Liqasının təmsilçisi, Ağdamın "Qarabağ" klubu ölkə çempionatının tarixində 5-ci dəfə 7 və daha çox qol həddini aşıb. 

XQ Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, komanda buna Premyer Liqanın XII turunda “Kəpəz”i 7:1 hesabı ilə məğlub etməklə nail olub.

Ümumilikdə isə bu, həm də Azərbaycan çempionatları tarixində bir komandanın belə məhsuldarlıq göstərdiyi 73-cü matçdır. 1992-ci ildən keçirilən turnirdə indiyədək 72 dəfə tərəflərdən biri rəqib qapısına 7 və ya daha çox qol vurub.

Mütləq rekord “Neftçi”yə məxsusdur. Bakılılar 17 dəfə “7+”ə nail olublar. “Kəpəz”in hesabında 13 belə matç var. Ümumilikdə, 21 komanda məhsuldar oyun keçirib. “Şəmkir” 7, Sumqayıt “Xəzər”i 6, “Turan” 4, “Şamaxı” və “Bakı” hərəyə 3, “ANS Pivani” və Lənkəran “Xəzər”i hərəyə 2 qarşılaşmada 7 və ya daha çox qola seviniblər. Digər 11 komandanın hesabında bir belə görüş var.

Qeyd edək ki, ölkə çempionatları tarixində ilk belə hadisə 1992-ci il mayın 10-da qeydə alınıb. “Neftçi” evdə Şamaxı “Şirvan”ını 8 dəfə cəzalandırıb – 8:1.

Elçin ABBASOV
XQ

İdman