Azərbaycan Güləş Federasiyasının (AGF) təşkil etdiyi məşqçilərin ümumrespublika seminarı davam edir. Bu barədə federasiyadan XQ-yə bildirilib ki, növbəti tədbir bu gün Sabirabadda baş tutub. 100-ə yaxın məşqçinin qatıldığı seminar 2 fərqli məkanda keçirilib.
Tədbirin nəzəri hissəsi Gənclər Mərkəzində təşkil edilib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) baş müəllimi Mehman Nəcəfov əsasən ibtidai hazırlıq qrupunun məşqlərindən danışıb. Sərbəst güləş üzrə U-17 millinin məşqçisi Vahid Məmmədov idmançıların təlim-tərbiyəsinə, məşqçilərin davranışlarına və işə yanaşmasına diqqət ayırıb. Yunan-Roma güləşi üzrə U-20 milli komandanın böyük məşqçisi Nurəddin Rəcəbov yeniyetmə güləşçilərin texnikasını təkmilləşdirməyin önəmini vurğulayıb. Daha sonra Hakimlər Kollegiyasının sədri Qərib Əliyev müxtəlif qarşılaşmalarda yaranmış mürəkkəb vəziyyətlərdə verilən hakim qərarlarını izah edib.
Olimpiya İdman Kompleksində keçirilən seminarın praktiki hissəsində sərbəst güləş üzrə U-20 milli komandanın məşqçisi Əşrəf Əliyev müxtəlif güləş elementlərinin icrasını əyani surətdə göstərib. l-S kateqoriyalı hakim Sədi Quliyev isə mübahisə doğuran vəziyyətlərin izahını verib.
Seminarda məşqçilərin sualları cavablandırılıb, təklif və şikayətləri qeyd edilib. Yekunda iştirakçılara AGF-nin sertifikatları təqdim edilib və xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, sabah seminar Xırdalanda keçiriləcək.
Elçin ABBASOV
XQ