Maqnus Karlsen Dünya kubokunun sahibi oldu

post-img

Azərbaycan şahmatçısı İddiaçılar Turnirinə vəsiqə qazandı

Dünyanın idman mərkəzlərindən biri olan Azərbaycanda daha bir mötəbər yarış – şahmat üzrə Dünya kuboku uğurla başa çatdı. 25 gün əvvəl start götürən və qadınların da yarışı daxil olmaqla, ümumilikdə, 309 oyunçunun qatıldığı bu möhtəşəm şahmat bayramını minlərlə insan Bakıdan birbaşa onlayn izlədi. 

Bu nüfuzlu turnirin tapıntısı olan Azərbaycan şahmatçısı Nicat Abaso­vun bir-birindən maraqlı oyunları insan­ları heyran etdi. Azərbaycan şahmat məktəbi, ölkəmizin idman potensialı, onun ənənələri təqdir edildi. 

Yarışın qalib və mükafatçılarını müəyyən edən son günün tay-brekləri­ni insanlar xüsusi maraq və həyəcanla izlədilər. Məhz N.Abasov, M.Karlsen, F.Karuana və Rameşbabu Praqanqhaa dünyanın ilk dördlüyü demək idi və bü­tün diqqət ən güclü cütlüklərin qalib adı uğrunda mübarizəsinə yönəlmişdi. 

Dünya reytinqinin 3-cüsü Fabia­no Karuana ilə bürünc medal uğrunda qarşılaşmada Nicat Abasov uduzsa da, adını şahmat tarixinə yazdı. Nicat müstəqil Azərbaycanda doğulub bu sə­viyyədə uğur qazanan ilk şahmatçımız­dır. İstedadlı zəka ustasının timsalında artıq yeni nəsil şahmatçıların yetişmə­sini görmək qürurvericidir. FİDE prezi­denti də Nicat Abasovun Dünya kuboku yarışında bu cür parlaq çıxışının böyük sürpriz olduğunu vurğulayıb. O qeyd edib ki, bu, Azərbaycan şahmatı üçün uğurlu nəticədir.

Azərbaycan Şahmat Federasiyası­nın 1-ci vitse-prezidenti Faiq Həsənov “Xalq qəzeti”nə açıqlamasında Nicat Abasovun güclü potensiala malik şah­matçı olduğunu bildirdi: “Nicat Abasov çox gözəl oyun nümayiş etdirdi. Ən əsası da İddiaçılar Turnirinə vəsiqə qa­zandı. Şahmatçımız gələn il keçiriləcək İddiaçılar Turnirində iştirak edəcək. Ya­rışın qalibi Maqnus Karlsen oldu. O, bu yarışda iştirak etsə də, indiyədək qalib titulunu qazana bilməmişdi”.

Turnirdə Hindistan şahmatçılarının çıxışını xüsusi vurğulayan qurum rəs­misi qeyd etdi ki, səkkizdəbir finalda iştirakçıların 4-nün bu ölkənin təmsilçisi olması diqqətəlayiqdir. Faiq Həsənov onu da bildirdi ki, Dünya kuboku yarışı ölkəmizdə yüksək səviyyədə, maraqlı mübarizə şəraitində keçib. Şahmatçı­ların öz potensiallarında maksimum istifadə etmələri üçün hər bir şərait ya­radılıb. 

Milyonların kumiri, karyerası boyu saysız-hesabsız yarışların qalibi olmuş beşqat dünya çempionu Maqnus Karl­sen tay-brekdə hindistanlı Praqnanan­dha üzərində qələbə qazanaraq Dünya kubokuna sahib olub. 

Qadınlar arasında isə FİDE-nin bayrağı altında çıxış edən Aleksandra Qoryaçkina birinci yeri tutub. Rusiya­lı idmançı finalda bolqarıstanlı Nurgül Salimovanı məğlub edib. Ukraynalı Anna Muziçuk isə üçüncü pillədə qə­rarlaşıb.



İdman