Dünya çempionatında Azərbaycanın tarixi uğuru

post-img

Nigar Nəsirova qızıl medal qazanıb

Güllə atıcılığı üzrə Azərbaycan milli komandası 53-cü dünya çempionatında tarixi nəticə qazanıb. Dünən 25 metr məsafəyə mərkəzə tapançadan atəşaçma üzrə kişi və qadınların yarışı keçirilib. Qadınlar arasında bütün rəqibləri üstələyən Azərbaycan atıcısı Nigar Nəsirova birinci yerə layiq görülüb. 

Gümüş medalın sevincini digər təm­silçimiz Nərminə Səmədova yaşayıb. Üçüncü yeri isə Monqolustandan olan atlet Xişiqderger Enxbat tutub. 

Kişilərin mübarizəsində Almaniyanı təmsil edən Kristian Reytz qızıl medal qazanıb. Gümüş medalı Estoniyanı təm­sil edən Peeter Olesk aktivinə yazıb. Slo­veniya atleti Joze Çeper bürünc medala yiyələnib. Bu yarışın kişilərin komanda növündə Almaniya birinci, Koreya ikinci, Hindistan üçüncü olub. 

Mükafatlandırma mərasimindən son­ra media nümayəndələrinə açıqlama verən Nigar Nəsirova qızıl medal qaza­nacağını gözləmədiyini deyib: “Bütün diqqətimi yarışa və işimə yönəltmişdim. Fikrim ancaq bu idi. Nəticə barədə heç nə düşünmürdüm. Yarışın Bakıda keçi­rilməsi bizim üçün çətinlik yaradır. Çünki hamı istəyir ki, qələbə qaza­naq. Elə olanda gərginlik olur. Həm özümüz birinci olmağı hədəfləyirik, həm də insanları sevindirmək istəyirik”. 

İdmançı qeyd edib ki, atıcılıqla 2004-cü ildə İradə Aşumova Afina Yay Olimpiya Oyunlarında bürünc medal qazandıqdan sonra məşğul olmağa başlayıb. 3 il sonra zədə ilə üzləşdiyi üçün uzun müddət idmandan uzaq qa­lıb. 2016-cı ildə isə yenidən məşqlərə başlayıb. 2017-ci ildə Sloveniyada keçirilən Av­ropa çempionatında qarışıq komanda yarışında bürünc medal alıb. Həmin il İslam Həmrəyliyi Oyunlarında fərdi ya­rışda eyni uğura imza atıb. Beynəlxalq yarışlarda Həm Ruslan Lunyovla, həm də fərdi olaraq medallar qazanıb. Ötən il Misirdə keçirilən dünya çempionatında 50 metr məsafəyə atəş açma üzrə yarış­da bürünc medala sahib olub. 

Qeyd edək ki, Nigar Nəsirovanın dün­ya çempionatında qazandığı qızıl medal indiyədək mundiallarda əldə edilmiş ən böyük nailiyyətdir. Xatırladaq ki, bundan əvvəl Zemfira Meftəhətdinova 1995 və 2001-ci illərdə stend atıcılığı üzrə dünya çempionatlarının qalibi adını qazanıb. 

L.QURBANOVA, “Xalq qəzeti”

İdman