Nəsirova güllə atıcılığında ilk dünya çempionumuz kimi tarixə düşüb

post-img

Azərbaycan atıcıları Bakıda keçirilən dünya çempionatında qızıl və gümüş medal qazanıblar. Azərbaycan Atıcılıq Federasiyasından “Xalq qəzeti”nə bildirilib ki,  qadın idmançılarımız 25 metr məsafəyə mərkəzə tapançadan atəş növündə bu uğura nail olub.

Milli üzvlərindən Nigar Nəsirova qızıl, Nərminə Səmədova isə gümüş mükafata sahib çıxıb. Bununla da, Nəsirova güllə atıcılığında ilk dünya çempionumuz kimi tarixə düşüb. O, həmçinin stend atıcısı Zemfira Meftəhəddinovadan sonra dünya çempionu olan 2-ci azərbaycanlı olub. Olimpiya çempionumuz Meftəhəddinova 1995 və 2001-ci illərdə dünya çempionu olmağı bacaran yeganə idmançımız idi. 

Xatırladaq ki, dünən 25 metr məsafəyə standard güllə atışında qadın milli komandamız gümüş medal qazanmışdı. Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Nəsirovun həyat yoldaşı olan Nigar Nəsirova da həmin heyətdə yer almışdı.

Qeyd edək ki, Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı 2018-ci ildən bəri dünyada bu yarış üzrə baş tutan ən kütləvi idman tədbiridir. Yarışda dünyanın 100-dən artıq ölkəsindən 2000-dək idmançı və nümayəndə iştirak edir.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman