Ali Tsokayev dünya üçüncüsü oldu

post-img

İordaniyanın paytaxtı Əmmanda start götürən güləş üzrə U-20 dünya çempionatı davam edir. Yarışın ilk günündə 57, 65, 70, 79 və 97 kiloqramda yer alan sərbəst güləşçilər döşək üzərinə çıxıblar.

Mübarizəyə səkkizdəbir finaldan qoşulan Ruslan Abdullayev (57 kq) almaniyalı David Kiferə tam üstünlüklə qalib gəlib – 10:0. Avropa çempionumuz növbəti mərhələdə iranlı Əhməd Mohammadnejadcavanı “tuş”la üstələyərək yarımfinala yüksəlib. Amerikalı Luk Lilledalla görüş gərgin mübarizə şəraitində keçib. Son saniyələrə qədər 9:5 hesabıyla öndə olan həmyerlimiz bir səhvin qurbanı olub və “tuş”la uduzub. Abdullayev sabah bürünc medal uğrunda görüşdə isə ermənistanlı Edik Harutyunyana məğlub olub - 4:8.

Ramik Heybətov (65 kq) debütdə rusiyalı Dalqat Abdulkadirovla bacarmayıb – 0:7.

Mircavad Nəbiyev (70 kq) səkkizdəbir finalda amerikalı Meyer Şapirova 4:6 hesabıyla məğlub olub. Rəqib finaladək irəlilədiyi üçün Nəbiyev təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Mircavad yaponiyalı Yuma Tomiyama ilə qarşılaşmadan da məyus ayrılıb - 2:9.

Ali Tsokayev (79 kq) polşalı Mateuş Pedziçki (10:0), avstriyalı Lukas Lins (10:0) və gürcüstanlı Otari Adeişvilini (13:2) vaxtından əvvəl mübarizədən kənarlaşdırıb. Ancaq yarımfinalda rusiyalı İbrahim Kadiyev keçilməz olub – 4:8. Tsokayev iranlı Fərzad Saficahanşahiyə tam üstünlüklə (11:1) qalib gələrək dünya üçüncüsü olub.

Zəfər Əliyev (97 kq) ilk mərhələdə ermənistanlı Xaçatur Xaçatryana (7:0) heç bir şans tanımasa da, səkkizdəbir finalda qazaxıstanlı Kamil Kuruqliyevə 2:5 hesabıyla uduzub.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman