Zidan Hümbətov Avropa birinciliyində moldovalı rəqibini də məğlub edib

post-img

Rumıniyanın Ployeşti şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyi davam edir. 32 ölkədən 378 (260 oğlan, 118 qız) idmançının qatıldığı yarışın beşinci günündə Azərbaycan millisinin üzvü Zidan Hümbətov rinqdən qalib ayrılıb. 

Azərbaycan Boks Federasiyasından aldığımız məlumatda bildirilir ki, startda Nikolos Şarabidzeni (Gürcüstan) mübarizədən kənarlaşdıran Z. Hümbətov (48 kq) səkkizdəbir finalda Maksim Çernelyadan (Moldova) da güclü olub. O, rəqibini 5:0 (30:26, 30:25, 30:25, 30:24, 30:26) hesabı ilə məğlub edib.

Boksçumuz dörddəbir finalda Emal Hamdamla (İBAG) üz-üzə gələcək. Döyüş iyulun 27-də olacaq.

Qeyd edək ki, birinciliyin 6-cı günündə Azərbaycan millisinin 3 boksçusu qüvvəsini sınayacaq.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman