Açıq Türkiyə çempionatında Azərbaycanın yeniyetmə taekvondoçuları 8 medal qazanıblar.
Azərbaycan Taekvondo Federasiyasından “Xalq qəzeti”nə bildirblər ki, Ankarada keçirilən yarışda boyu 156 santimetrədək olan taekvondoçuların mübarizəsində oğlanlar arasında İlyas Hətəmli, qızların yarışında isə Humay Dadaşova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Bütün rəqiblərini məğlub edən Şəms Əlizadə (160 sm) və Tamerlan Yaqubov (180 sm) da qalib adına layiq görülüblər.
Komandamızın digər taekvondoçularından Xəzər Həmidov (152 sm), Novruz Əliyev (160 sm), Nülufər Borji (168 sm) və Fatimə Həsənova (172 sm) isə turniri bürünc medalla başa vurublar.
Qeyd edək ki, iyulun 9-da başa çatacaq G-2 kateqoriyalı çempionatda gənc taekvondoçulardan ibarət Azərbaycan millisi də mübarizə aparacaq.
Leyla SABİRQIZI, “Xalq qəzeti”