Dünən saat 00:07-də Yer öz orbitinin afelisindən keçib. Nəticədə planetimiz Günəşdən maksimum uzaqlaşıb. Bu haqda Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Bildirilib ki, bu məsafə 152 milyon 098 min 232 km-ə bərabərdir. Bu zaman Günəş diskinin də görünən ölçüsü ~3 faiz kiçilərək minimal (31′31″) qiymət alıb.
Planetin orbitinin dairədən fərqlənmə dərəcəsini orbitin ekssentrisiteti xarakterizə edir. Nəticədə Yerin Günəşdən məsafəsi sabit qalmayıb dəyişir. Yer orbitinin Günəşə ən yaxın nöqtəsi periheli, ən uzaq nöqtəsi isə afeli adlanır. Perihelidə planetin sürəti ən yüksək, afelidə isə ən aşağı qiymət alır.
Qeyd edək ki, Yer bu il perihelidən 4 yanvar saat 20:17-də keçib. Bu zaman Yerlə Günəş arasındakı məsafə 147 milyon 098 min 290 km olub.
Hazırladı: P. ƏFƏNDİ, “Xalq qəzeti”