İyulun 30-da Bakıda start götürəcək şahmat üzrə dünya kubokunun loqosu təqdim olunub. Loqoda Bakının əsas rəmzlərindən biri olan “Qız qalası” və şahmatda top fiqurunun elementlərindən istifadə olunub. Top fiquru ilə qalanın cizgilərində memarlıq cəhətdən oxşarlıq yaradılıb.
Sayca 10-cu dəfə təşkil olunacaq dünya kubokunun open yarışında 206, qadınların mübarizəsində isə 103 şahmatçı iştirak edəcək.
Azərbaycanı dünya kubokunda Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovla yanaşı, Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abasov, Eltac Səfərli, Abdulla Qədimbəyli, Misrətdin İskəndərov, Nicat Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Vüqar Əsədli qadın millimizin lideri Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayeva iştirak edəcək.
Dünya kubokunda kişilərin yarışında ilk üç yeri tutacaq şahmatçı İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Yarışın ümumi mükafat fondu 2,5 milyon ABŞ dollarıdır.
Xatırladaq ki, dünya kuboku səkkiz illik fasilədən sonra ikinci dəfə Bakıda təşkil olunacaq. İlk dəfə mötəbər yarış 2015-ci ildə paytaxtımızda keçirilib.
Leyla SABİRQIZI,
“Xalq qəzeti”