“Krakov–2023”ə təntənəli yolasalma mərasimi

post-img

Azərbaycan idmançılarının Polşada keçiriləcək III Avropa Oyunlarına təntənəli yolasalınma mərasimi olub. Bu münasibətlə Gənclər və İdman Nazirliyində təşkil olunmuş görüşdə federasiya rəhbərləri, III Avropa Oyunlarında iştirak edəcək idmançılar, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Mərasimdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov idmançıla­ra uğurlar arzulayıb: “Avropa Oyunla­rında Azərbaycandan böyük heyət iş­tirak edəcək. İdmançılarımızın hər biri bu yarışlara səylə hazırlaşıb. Bütün idmançılarımıza uğurlar arzu edirəm. Biz onlara inanırıq”. 

Avropa Oyunlarının qalibi qadın ka­rateçimiz İrina Zaretska Polşadan ən yaxşı nəticə ilə dönməyə çalışacağını bildirib. Premyer Liqanın geridə qalan mərhələlərində bir qızıl, bir bürünc me­dal qazanmış təmsilçimiz qeyd edib ki, Avropa Oyunlarında yüksək reytinqli rəqiblərlə mübarizə aparacaqlar: “Mən bütün gücümlə yarışa hazıram”.

Boks yığmasının üzvü Ümid Rüstəmov (57 kq) komanda yoldaş­larının hamısından medal gözlədiyini deyib: “Yarışa yaxşı hazırlaşmışıq. İyunun 23-də boks yarışları başlaya­caq. Rəqiblərim arasında İrlandiya və Fransa təmsilçilərini xüsusi qeyd etmək istəyirəm. Turnirdə yaxşı nəti­cələr əldə etmək üçün potensialımız­dan maksimum istifadə edəcəyik”.

Azərbaycan Milli Karate Federa­siyasının prezidenti Yaşar Bəşirov isə jurnalistlərə açıqlamasında Bakıya qələbə ilə qayıdacaqlarına inandığını bildirib: “Kumite növündə 4 kişi və 4 qa­dın idmançımız iştirak edəcək. Bu id­man növündə yarışa ən çox lisenziyanı biz qazanmışıq. Avropa Oyunlarında rəqabət çox böyükdür, ən azı 3, yaxud 4 medal qazanmağa səy göstərəcəyik. Komandamızın üzvləri mübarizəyə ha­zırdırlar. İdmançılarımızdan İrina Za­retska, Əminağa Quliyev, Asiman Qur­banlı, Mədinə Sadıqova və başqaları mükafat qazana bilərlər”. 

Polşanın ev sahibliyi etdiyi III Avropa Oyunlarının tərkib hissəsi olan atletika üzrə komandalar arasında Avropa çempionatına start verilib. Yarışın ilk günündə 2-ci və 3-cü diviziondakı idmançılar mübarizə aparırlar. 3-cü divizionda yer alan təmsilçilərimiz arasında ən uğurlu nəticəni çəkic atma yarışlarında Anna Skidan göstərib. 

Üçüncü cəhdindən etibarən göstəricilərini getdikcə daha da yaxşılaşdıran Anna yekunda 71.69 metr nəticəyə imza atıb. Bununla da Azərbaycan idmançısı 11 atlet ara­sında bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub və divizionun qalibi adını qazanıb. 

Üçtəkanla tullanmada Aleksis Ko­pello 15.91 metr nəticə ilə yadda qa­lıb. Bununla da atletimiz 14 idmançı arasında ikinci olub. 

Fərdi yarışlarda oyunların müka­fatçıları 3 divizionun hamısında mü­barizə yekunlaşdıqdan sonra ümumi nəticələr əsasında müəyyən ediləcək.

Bildirək ki, Azərbaycanı III Avropa Oyunlarında 86 idmançı təmsil edir. Atletlərimiz idmanın 13 növü - oxatma (1 nəfər, Krakov şəhəri), badminton (4 nəfər, Tarnov şəhəri), çimərlik futbolu (12 nəfər, Tarnov şəhəri), boks (12 nəfər, Novı Tarq şəhəri), qılıncoynat­ma (12 nəfər, Krakov şəhəri), cüdo (11 nəfər, Krynica-Zdroj şəhəri), karate (8 nəfər, Bielsko-Biala şəhəri), muay-tay (4 nəfər, Mislenice şəhəri), kikbok­sinq (2 nəfər, Krakov şəhəri), padel (2 nəfər, Krakov şəhəri), atıcılıq (10 nəfər, Vroslav şəhəri), taekvondo (8 nəfər, Krynica-Zdroj şəhəri) və triatlon (1 nəfər, Krakov şəhəri) üzrə yarışlar­da iştirak edirlər.

Xatırladaq ki, birinci Avropa Oyun­ları 2015-ci ildə Bakıda keçirilib. İkinci Avropa Oyunlarına isə 2019-cu ildə Minsk ev sahibliyi edib. 

Leyla QURBANOVA, “Xalq qəzeti”



İdman