“Biznesimi Cəbrayılda davam etdirəcəyəm”

post-img

Özünüməşğulluq proqramının məqsədi əhalinin sosial cəhətdən həssas qrupundan olan insanlara verilən müavinət və yardımların onların əmək bazarında məşğulluğunun təmin edilməsinə yönləndirilməsidir. Burada vacib nüanslardan biri də odur ki, dövlətin dəstəyi ilə əsasən sosial cəhətdən həssas şəxslərə və aztəminatlı ailələrə aktivlər ayrılır və onlar biznes mühitində daha dayanıqlı və gəlir gətirən sahələrə yönəldilir. Özünüməşğulluğun tətbiqi ilə həmin şəxslər yardım asılılığından azad olur və uzun müddət üçün ailələrinin maliyyə dayanıqlığını təmin edirlər.

Elgün Vəliyev Cəbrayıl rayonu sakini­dir. O, “Məşğulluğa Dəstək Layihəsi”nin köməyi ilə kiçik biznesini qurub. Ən bö­yük arzularından biri Cəbrayıla köçərək öz biznesini orada davam etdirməkdir. Elgün Vəliyevin layihə çərçivəsində keç­diyi yol və Cəbrayıl rayonu ilə bağlı xa­tirələrini özündən dinləyək:

– Vətən müharibəsində torpaqları­mızın hər qarışı işğaldan azad edildik­cə, doğma yurda dönüşün tezliklə baş tutacağına inamımız daha da artırdı. Mən 5–6 yaşımda Xudafərinin dəmir qa­pısında o qədər oynamışam ki. O dağın döşündən ətəyinə qədər üzüaşağı sürüş­müşük, uşaqlıq dövrümüzün bir hissəsini orada qayğısız keçirmişik. Yəni o anı elə səbirsizliklə gözləyirdim ki, desinlər: Xu­dafərin azad edildi! 

Ali Baş Komandan tərəfindən Cəbra­yılın işğaldan azad edildiyi xəbərini eşi­dəndə sevincimizin həddi-hüdudu yox idi. Həm ağlayır, həm gülürdük. Əsgər­lərimizin Cəbrayıldan verilən reportajda “Azərbaycan Bayrağı Xudafərində dal­ğalanmaqdadır!” – müjdəsi bizə 30 ildə verilən ən böyük sevinc xəbəri idi. 

Bu gün arzularımızın tam reallaşma­sına az qalıb. Altı yaşımda çıxdığım yerə 36 yaşında qayıdıram. Oğlum 14 yaşın­da, ilk dəfə dədə-baba yurduna ayaq ba­sacaq. 

Məcburi köçkünlük dövründə dövlə­tin dəstəyini həmişə hiss etmişik. Özü­nüməşğulluq proqramı çərçivəsində “Məşğulluğa Dəstək Layihəsi” həyata keçiriləndə mən də müraciət edib iş yeri açmaq istədiyimi, amma, avadanlığa ehtiyacım olduğunu bildirmişdim. Dövlət Məşğulluq Agentliyinin əməkdaşları – sağ olsunlar – hər şey verdilər. Avtomo­bil, xalçayuma sexi açdım. Ailəmi dolan­dırıram. İnşallah, doğma yurda dönəndə biznesimi də özümlə aparacağam, orada işimi quracağam. 

Yolun açıq olsun, Elgün! Cəbrayıl həsrəti ilə yaşayanların xoş günləri bun­dan sonra başlayacaq. 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat