“Azərbaycanda gimnastika inkişaf edib”

post-img

Sabah Dənizkənarı bulvarda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş gimnastika hamı üçün növü üzrə birinci Bakı Beynəlxalq “Challenge” turniri başlanır.

Turnirlə bağlı Milli Gimnastika Arenasında mətbuat konfransı keçirilib. Konfransda Avropa Gimnastikasının (EG) gimnastika hamı üçün növü üzrə Texniki Komitəsinin prezidenti Xlif Torgeirsdottir Azərbaycanın gimnastika növündə özünü tanıtdığını və bu sahədə inkişafın danılmaz olduğunu bildirib. O qeyd edib ki, ölkəmizdə yaxşı məşqçilər və idmançılar var. Gimnastika hamı üçün növündə Avropada müxtəlif tədbirlərin təşkil olunduğunu vurğulayan qurum rəsmisi bu tədbirlərdə insanların yaş kateqoriyasının önəmli olmadığını bildirib: “Azərbaycanda gimnastika inkişaf edib. Bakıda olduğum üçün çox məmnunam. Belə tədbirlərin daha çox keçirilməsini və geniş miqyas almasına çalışırıq. Sabahkı tədbir üçün həyəcan keçirirəm. Federasiyada hamının birgə çalışdığını və gözəl ab-havanı xüsusi vurğulamaq istəyirəm. Sizinlə birlikdə çalışdığım üçün çox sevinirəm”. 

Gimnastika hamı üçün növü üzrə baş məşqçi, Avropa Gimnastikasının Texniki Komitəsinin üzvü Ruslan Eyvazov 2015-ci ildən başlayaraq tədbirlərdə fəal iştirak etdiklərini vurğulayıb. Qeyd edib ki, 2019-cu ildən bu növ üzrə Bakıda seksiyalar açılıb. Pandemiyadan sonra festival təşkil edilib. Hazırda komandanın heyətində 33 gimnast var. Yığmanın Amsterdamda təşkil olunacaq yarışda iştirak edəcəyini deyən baş məşqçi onların Azərbaycanı uğurla təmsil edəcəklərinə inandığını söyləyib. 

Ruslan Eyvazov onu da deyib ki, Azərbaycanda 50 yaşdan yuxarı insanların iştirak etdikləri “Qızıl yaş” festivalı keçirilib: “Bu ildən etibarən “Qızıl yaş”da artıq ikinci komandamız da var. Bu festivalda 60 yaşdan yuxarı şəxslərin də iştirakını xüsusilə vurğulamalıyam. Eyni zamanda, Lənkəran Uşaq Evindən olan gimnastlarımız bu tədbirə qatılacaqlar. Məşqçimiz Aygül Novruzova Uşaq Evinin sakinlərinə həftədə iki dəfə məşq keçir”.

Gimnastika hamı üçün növü üzrə məşqçi Rəna Manafova isə üçüncü dəfə festivala qatılacağını deyib. O bildirib ki, ahıl gimnastlarımızın öz bacarıqlarını göstərə biləcəklərinə əmindir. 

Qeyd edək ki, turnir iki gün davam edəcək. Yarışda Azərbaycan, Gürcüstan və Litvanı təmsil edən 46 komandadan 500-dək idmançının iştirakı nəzərdə tutulub. 

Leyla QURBANOVA,

“Xalq qəzeti”

İdman