Dünya çempionatının keçici bayrağı Çinə təqdim olunub

post-img

Bakıda keçirilən taekvondo üzrə sayca 26-cı dünya çempionatı başa çatıb. Yarışın son günündə 2 çəki dərəcəsində qaliblər müəyyənləşib. 

Qadın taekvondoçular arasında 53 kq-da dünya çempionu tituluna Nahid Kiyaniçande (İran) yiyələnib. Gümüş medala Ju Zio (Çin), bürünc mükafatlara Şad Sami Elhossein (Misir) və Tatyana Minina (Dünya Taekvondosu) sahib olub. 

Kişi taekvondoçular arasında +87 kq çəki dərəcəsinin ən güclüsü Şeyk Sallah Sisse (Fil Dişi Sahili) olub. O, finalda Karlos Sansoresi (Meksika) məğlub edib. 3-cü yerləri Emre Ateşli (Türkiyə) və Pasko Boziç (Xorvatiya) tutublar. 

Beləliklə, mayın 29-da start götürən və 145 ölkədən 949 idmançının qatıldığı mundialda 16 dəst medal öz sahibini tapıb. Dünya Taekvondo Federasiyasının 50, ümummilli lider Heydər Əliyevin 100 illiyinə təsadüf edən yarışda qızıl medal qazanan idmançılar aktivinə 140 reytinq xalı əlavə ediblər. 

Çempionatın bağlanış mərasimində Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov dünya çempionatının keçici bayrağını növbəti yarışa ev sahibliyi edəcək Çin Taekvondo Federasiyasının rəsmisinə təqdim edib. 

Qeyd edək ki, dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda olub. Ölkəmiz mundialı qəbul edən Avropa ölkələr arasında Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra yeddinci kimi tarixə düşüb.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman