Bakıda keçirilən taekvondo üzrə 26-cı dünya çempionatı başa çatıb

post-img

Bu gün Bakıda keçirilən taekvondo üzrə sayca 26-cı dünya çempionatı başa çatıb.  Yarışlara ev sahibliyi edən Azərbaycan millisi Dünya Taekvondo Federasiyası tərəfindən "Döyüş Ruhu"  mükafatına layiq görülüb. Mükafat gənclərdən ibarət millimizin böyük məşqçisi Zahid Məmmədova təqdim edilib.
 
Daha sonra digər mükafatlar sahiblərinə təqdim edilib. Ən yaxşı kişi idmançısı nominasiyasına Park Tae-coon (Cənubi Koreya) layiq görülüb.  Ən yaxşı qadın idmançısı isə Türkiyə qadın taekvondoçusu Mərvə Dincəl seçilib. Ən yaxşı kişi məşqçisi Cənubi Koreya An Hong Youb olub.  Ən yaxşı qadın məşqçisi adı Türkiyə qadın millisinin baş məşqçisi Ali Şahinə verilib. Ən yaxşı kişi hakim İordaniya referisi Ayman Adarbeh, ən yaxşı qadın referi isə brüneyli Byunq Hee Kim olublar. 

Daha sonra komandalar üzrə mükafatlar təqdim olunub. Kişi taekvondoçuların komanda hesabında Cənubi Koreya çempion olub. Xorvatiya 2-ci, Türkiyə, İtaliya və Fil Dişi Sahili 3-cü yeri tutublar. Qadın taekvondoçuların komanda hesabında isə Türkiyə millisi çempion olub. Fransa 2-ci, Xorvatiya, Macarıstan və İran 3-cü olublar.

Qeyd edək ki, kişi və qadınlar arasında ümumi medal əyarına görə Cənubi Koreya 1-ci olub. Şərqi asiyalılar 3 qızıl və 1 gümüş medal qazanıb. Türkiyə də 3 qızıl və əlavə 3 bürünc medal qazansa da, gümüş mükafatın olmaması səbəbindən 2-ci olub. Xorvatiya isə 2 qızıl, 1 gümüş və 3 bürünc medalla 3-cü yeri tutublar.

Elçin ABBASOV,
"Xalq qəzeti"



İdman